"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, məsələdən xəbəri olan iki məmur yeni qadağanın Trampın ilk prezidentlik dövründə verdiyi qadağa qərarından daha əhatəli olacağını bildirib.
ABŞ Dövlət, Ədliyyə, Daxili Təhlükəsizlik Departamentləri və Milli Kəşfiyyat İdarəsi arasında tirajlandığı bildirilən yeni səyahət qadağası layihəsində ABŞ-ın milli təhlükəsizliyə təhdid olaraq gördüyü bəzi ölkələrin “qırmızı”, “narıncı” və “sarı” olaraq təsnif ediləcəyi ifadə edildi.
Qırmızı rəngli ölkələrin vətəndaşlarının ABŞ-a səyahətinə qadağa qoyulacağı, narıncı ölkələrə məhdudiyyətlərin tətbiq ediləcəyi, bu ölkələrin ABŞ-da iş görmək istəyən varlı vətəndaşlarının ölkəyə buraxılacağı, lakin immiqrant və ya turistlərə icazə verilməyəcəyi, sarı ölkələrə isə “çatışmazlıqlarını” tamamlamaq üçün 60 gün vaxt veriləcəyi bildirilib.
Narıncı və sarı ölkələrlə bağlı təfərrüat verilməsə də, qırmızı ölkələr arasında Trampın əvvəlki səyahət qadağasının əhatə etdiyi ölkələr olan İran, Yəmən, Liviya, Somali, Sudan, Suriya, Şimali Koreya, Kuba və Venesuelanın da yer alacağı və bunlara Əfqanıstan və Pakistanın da əlavə olunacağı iddia edilib.
İlk müddətinin əvvəlində Tramp əsasən müsəlmanların yaşadığı yeddi ölkədən: Suriya, İraq, Liviya, Somali, Sudan, Yəmən və İrandan olan səyahətçilərə səyahət qadağası qoyub. Bu hərəkət həm ölkə daxilində, həm də xaricdə sərt tənqidlə qarşılandı. Hüquqi və sosial problemlərdən sonra ABŞ Ali Məhkəməsi nəhayət 2018-ci ildə qadağanı qüvvədə saxladı.
ABŞ-ın keçmiş prezidenti Joe Biden 2021-ci ildə qadağanı ləğv edərək, bunu "Amerikanın milli vicdanına rüsvayçılıq" kimi qiymətləndirib.
4270440