“Vienna.at” saytının verdiyi məlumata görə, Avstriyanın Ailə və İnteqrasiya naziri Klaudiya Plakolm ibtidai məktəblərdə hicab qadağasını yenidən gündəmə gətirib. Ekspertlər isə yalnız müsəlmanları hədəf alan tənzimləmənin konstitusiyanın bərabərlik prinsipinə zidd olduğunu düşünürlər.
İslamın Avstriya cəmiyyətində yaratdığı problemlərə toxunan Plakolm, Avstriya dəyərlərinin xristian və yəhudi təməlləri üzərində qurulduğunu müdafiə etdi.
Plakolm, Konstitusiya Məhkəməsinin 2020-ci ildə analoji qanunun müəyyən bir dini hədəfə aldığını əsas gətirərək ləğv etmə qərarına məhəl qoymadan, 14 yaşından kiçik qızlar üçün baş örtüyü qadağan edən yeni qanunu dəstəklədiyini söylədi.
Qadağanın dini bir müdaxilə olmadığını, daha çox uşaqları qorumaq məqsədi daşıdığını iddia edən nazir Plakolm, 8 yaşlı qızın hicab taxmasının “zülm əlaməti” olduğunu söylədi. Lakin bir çox hüquqşünaslar və insan haqları müdafiəçiləri bu yanaşmanın ümumiləşdirici və özgələşdirici olduğunu, fərdi azadlıqlara məhəl qoymadığını bildirirlər.
Bu bəyanat Avropada müsəlmanlara qarşı ayrı-seçkilik ritorikasının artdığı, inteqrasiya və təhlükəsizlik bəhanəsi ilə dini simvollara, xüsusilə hicablara məhdudiyyətlər tətbiq etmək cəhdlərinin davam etdiyi bir vaxta təsadüf edir.
Qadağanın yalnız müsəlman icmasına aid olması dini ayrı-seçkilik müzakirələrini yenidən alovlandırıb. Cəmiyyətin yalnız müəyyən təbəqəsini hədəfə almaq multikultural quruluşu sarsıdan yanaşma hesab olunur.
İslam və insan haqları təşkilatları Avstriya siyasətində istisna ritorikasının geri dönməsindən narahatdırlar.
Avstriyada yüz minlərlə müsəlman yaşayır və onlar ölkənin sosial quruluşunun ayrılmaz bir hissəsini təşkil edir. Avstriya müsəlmanları inteqrasiya, ayrı-seçkilik və nifrət nitqi ilə bağlı artan problemlərlə üzləşirlər.
Rəsmi məlumatlara görə, 2024-cü ildə Avstriya İslamofobiyadan ən çox təsirlənən Avropa ölkələri sırasında yer alıb.
4280707