“İQNA”-nın “Sautuş-Şiə”yə istinadən verdiyi xəbərə görə, Avropada məscidlərə və müsəlmanların ibadət yerlərinə qarşı misli görünməmiş hücumların artdığı bir vaxtda, Amerika-İslam Əlaqələri Şurası (CAIR) Avropa liderlərinə ciddi xəbərdarlıq edərək, müsəlmanlara qarşı nifrəti körükləyən, onların həyatını və müqəddəslərini təhdid edən təhrikedici hərəkətlərin və düşmənçilik siyasətlərinin dərhal dayandırılmasını tələb edib.
ABŞ-dakı ən böyük müsəlman hüquq müdafiə təşkilatlarından biri olan bu şura, İngiltərə və Fransada müsəlman icmalarına qarşı həyata keçirilən “nifrət dolu hücumlar”ı pisləyib.
CAIR-in bu reaksiyası, Fransada və İngiltərədə iki məscidin qəsdən yandırılması və dağıdılmasından bir neçə gün sonra verilib.
İngiltərədə, Lankashirdə yerləşən Mərkəzi Məscidin pəncərələri sındırıldıqdan sonra içəridə qəsdən yanğın törədilib. Fransanın cənub-şərqində yerləşən Əl-Hidayə Məscidi isə geniş şəkildə dağıdılıb, məscidin içindəki əşyalar məhv edilib və divarlarına təhrikedici vərəqələr yapışdırılıb.
Amerika-İslam Əlaqələri Şurası (CAIR) Avropa rəsmilərini ayrı-seçkilik və təhrik xarakterli siyasətləri dayandırmağa çağıraraq xəbərdarlıq edib ki, bu cür hərəkətlərin davam etməsi müsəlmanlara qarşı hücumların artmasına və Avropanın ictimai toxuması üçün ciddi təhlükələrə səbəb ola bilər.
Şura həmçinin, bu ay Fransada bir tunisli kişinin qətlə yetirilməsi və bir türkiyəli vətəndaşın ağır yaralanması da daxil olmaqla, son dövrlərdə baş verən bir sıra irqçi cinayətlərə toxunaraq, nifrətlə dolu mühitin belə cinayətləri törətməyə təşviq etdiyini vurğulayıb.
4292299