IQNA

Dubay müsabiqəsində iştirak etmək üçün 105 ölkədən 5600-dan çox namizəd qeydiyyatdan keçib

13:26 - July 25, 2025
Xəbər sayı: 3498584
İQNA - Dubay İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsinin baş direktoru bildirib ki, Dubay Beynəlxalq Quran Mükafatının 28-ci buraxılışına qeydiyyatın sonunadək 105 ölkədən 5618 nəfər iştirak üçün müraciət edib.

“İQNA”-nın “Əl-İmarat əl-Yəvm” xəbər saytına istinadən verdiyi məlumata görə, Dubay İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsinin baş direktoru və Dubay Beynəlxalq Quran Mükafatı Müşahidə Şurasının sədri Əhməd Dəruyiş əl-Mühəyyiri bildirib: “Bu müsabiqənin 28-ci buraxılışında iştirak etmək istəyən hafizlərin sayında əhəmiyyətli bir artım müşahidə olunub”.

Onun sözlərinə görə, qeydiyyatın sonunadək dünyanın müxtəlif ölkələrindən ümumilikdə 5618 müraciət qəbul olunub ki, onların 30 faizi qadınlara aiddir.

Əl-Mühəyyiri vurğulayıb ki, qadın və kişi hafizlərin bu beynəlxalq Quran müsabiqəsində geniş iştirakı, yarışmanın beynəlxalq iştirakçılığı genişləndirməyə yönəlmiş inkişaf perspektivlərinin uğurundan xəbər verir. Bu perspektiv, Dubayın Allahın Kitabına xidmət sahəsində qabaqcıl mövqeyini təsdiqləyir və şəhərin Quran hafizlərini, tədqiqatçıları və ona xidmət edən müxtəlif qurumları təqdir edən qlobal mərkəzə çevrildiyini göstərir.

O əlavə edib: “Bu görünməmiş iştirak, mükafatın 28-ci buraxılışında təqdim olunan keyfiyyət artımının nəticəsidir. Ən mühüm yeniliklərdən biri kimi qadınların ilk dəfə olaraq xüsusi qadın qrupu üzrə iştirak etməsinə icazə verilməsi, birbaşa fərdi müraciət yolu ilə müsabiqədə iştirak imkanı (ənənəvi yolla, yəni iştirakçı ölkələrin və ya tanınmış İslam mərkəzlərinin təqdimatı ilə yanaşı) və mükafat məbləğinin artırılması qeyd oluna bilər.

Gələcək mərhələnin ümumi mükafat fondu 12 milyon dirhəmi keçib və hər iki – kişi və qadın bölməsində birinci yeri tutanlara 1 milyon dollar mükafat veriləcək.

Digər tərəfdən, Dubay Beynəlxalq Quran Mükafatının müvəqqəti rəhbəri İbrahim Casim əl-Mənsuri bildirib ki, 28-ci buraxılış üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı müraciətlər daxil olub.

O əlavə edib ki, müraciət sayına görə Misir 1410 nəfərlə birinci yerdədir. Onun ardınca Pakistan (571), İndoneziya (505), Hindistan (391), Mərakeş (248), Suriya (211), Banqladeş (211), İraq (187), Nigeriya (133) və Yəmən (132) gəlir.

Əl-Mənsuri vurğulayıb ki, Dubay Beynəlxalq Quran Mükafatı ABŞ, Kanada, Rusiya və Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Norveç və İsveç kimi Avropa ölkələrindəki müsəlman cəmiyyətlərinin hafizlərindən də xeyli sayda müraciət alıb. Bundan əlavə, bir çox Asiya və Afrika ölkələrindən və Yeni Zelandiyadan da qeydiyyat olub.

O əlavə edib ki, ilkin seçim mərhələsindən keçənlər ikinci mərhələyə daxil olacaqlar. Bu mərhələ 30 sentyabr və 2 oktyabr tarixləri arasında hafizlərlə münsiflər heyəti arasında canlı videokonfrans formatında keçiriləcək. Daha sonra finalçılar Ramazan ayının ikinci həftəsində Dubayda münsiflərin və iştirakçıların iştirakı ilə keçiriləcək yekun mərhələyə vəsiqə qazanacaqlar.

4295864

Teqlər: dubay ، quran ، müsabiqə ، hafiz
captcha