IQNA

Qeyri-müsəlman vətəndaşdan müsəlman qonşuya Quran xeyriyyəsi

16:59 - August 03, 2025
Xəbər sayı: 3498638
İQNA - İordaniyanın Mədəba vilayətində yaşayan xristian vətəndaş, qonşusu olan müsəlman qadının vəfatı münasibətilə Qurani-Kərimin nüsxələrini çap etdirərək onun ruhuna ehsan edib.

“İQNA”-nın “əl-Həqiqə” agentliyinə istinadla verdiyi xəbərə görə, İordaniyanın Mədəba vilayətində yaşayan xristian vətəndaş Loui Butarseh, insanpərvər və təsirli bir addım ataraq vilayətin sakinləri arasında ən yüksək həmyaşayış və qardaşlıq dəyərlərini nümayiş etdirib. O, iki gün əvvəl vəfat etmiş qonşusu İbtisam Şəhadə əs-Səvabtənin xatirəsinə 100 ədəd Qurani-Kərim çap etdirərək paylayıb.

Mərhumun oğlu və Mədəba şəhərinin mərkəzində yerləşən “Əl-Əziziyyat” məhəlləsinin sakini Xalid Hilal əz-Zuəbi bildirib ki, yas günlərində bu xeyirxah təşəbbüs onları dərin təəccübləndirib.

O əlavə edib: “Xristian qonşumuzun bu dəyərli addımı itki acımızı azaldıb və yas mərasimində iştirak edən hər kəsə dərin təsir bağışlayıb.”

Əz-Zuəbi deyib: “Əziz qonşumuzun bu addımı Mədəba və bütün İordaniya xalqı üçün təəccüblü deyil. Biz bir ailə kimi birlikdə yaşayırıq, sevinc və kədərimizi birgə bölüşürük.”

Mərhumun oğlu həmçinin qeyd edib: “Bu addım əsl sevginin nümunəsidir və bizi qonşu və bir millətin övladları kimi bir-birimizə daha da yaxınlaşdırır.”

Onun sözlərinə görə, xristian qonşuları Loui Butarseh Qurani-Kərim nüsxələrini çap etdirərək hər bir nüsxənin üzərinə anasının adını yazıb. Daha sonra o, mərhumun oğlundan xahiş edib ki, başsağlığı qəbul etmək üçün onunla birlikdə dayansın. Bu mənzərə mərasim iştirakçılarının böyük hörmət və təşəkkülü ilə qarşılanıb və İordaniya cəmiyyətindəki həmrəylik ruhunu əks etdirib.

Əz-Zuəbi sonda vurğulayıb: “İordaniyada insanlar arasında heç bir maneə yoxdur. Sevgi və hörmət bizi birləşdirir və biz fəxr edirik ki, dinindən asılı olmayaraq, bütün qonşuların bir-birinin dəstəkçisi və şəriki olduğu birgəyaşayış nümunəsiyik.”

4297880

captcha