“İQNA”-nın “Əl-Yəvmus-Sabi” qəzetinə istinadla verdiyi xəbərə görə, “Teleqraf” qəzeti yazıb ki, üç nəfər İslam təşkilatlarının istifadə etdiyi binaların qarşısına donuz başı qoyduqdan sonra həbs cəzasına məhkum ediliblər.
Onların hərəkətləri, yəni “Məscidə qadağa” şüarı ilə divar yazıları yazmaları ötən ilin iyul ayında Londonun şərqində yerləşən Reynhamda baş verib. 21 yaşlı Harvi Vels, 34 yaşlı Coş Kembel və 30 yaşlı Ceyms Desbuas müsəlmanların istifadə etdiyi binaları bilərəkdən və qəsdən hədəf aldıqları üçün ümumilikdə yeddi ildən çox həbs cəzası alıblar.
Vels Reynham Uşaq Mərkəzinin, Kral Gənclər Cəmiyyətinin mərkəzinin və Harris Akademiyasının qarşısına heyvan qalıqları atıb. O, həmçinin ötən ilin 25 iyulunda həmin binaların divarlarına sprey boya ilə “Məscidə qadağa” sözlərini yazıb.
İsnerzbrouk Kral Məhkəməsi bildirib ki, bu üç məkana müsəlman icması tərəfindən xüsusi diqqət yetirilirdi. Reynham Uşaq Mərkəzində İslam dərsləri keçirilirdi, Kral Gənclər Cəmiyyətinin mərkəzi və Harris Akademiyası isə camaat namazı üçün istifadə olunurdu.
Mütəhhimlərə qarşı çıxış edən prokuror Luiz Okli deyib ki, bu hadisədə “dini ədavət mesajı” açıq şəkildə görünür, çünki donuz başları divar yazıları ilə birlikdə qəsdən həmin yerlərə qoyulmuşdu.
O əlavə edib: “Ramford bölgəsində üç ayrı-ayrı təhsil müəssisəsi və ya ibadətgahın beton divarlarının üzərinə qanunsuz divar yazıları yazılmışdır. Kral Prokurorluq Xidməti bildirir ki, bu yazılar dini ədavət niyyəti ilə qəsdən yazılıb.”
Cinayətkarlar dini motivlə əmlaka zərər vurmaq ittihamını qəbul ediblər.
Vels və Kembel 32 ay, Desbuas isə 25 ay müddətinə azadlıqdan məhrum edilib. Vels təhlükəsizlik kameralarında avtomobildən düşərkən üzünü gizlətməyə çalışarkən, donuz başlarını qara zibil torbalarından çıxarıb binaların qarşısına qoyduğu halda qeydə alınıb.
4305637