IQNA

Sadiq Xan: “Tramp irqçi və islamofobdur”

10:23 - September 25, 2025
Xəbər sayı: 3498924
İQNA - Londonun meri Sadiq Xan ABŞ prezidenti Donald Trampın yeni hücumlarına cavab olaraq onu “irqçi, qadınlara qarşı ayrı-seçkilik edən və islamofob” adlandırıb və deyib ki, ABŞ prezidenti “vasvasılıqla” ona və London şəhərinə hücum etməklə məşğuldur.

“İQNA”-nın “Sky News”-a istinadla verdiyi xəbərə görə, Tramp BMT Baş Assambleyasındakı son çıxışında bir daha London merinin idarəçiliyinə hücum edib və iddia edib ki, Britaniya paytaxtı “qorxulu bir mer” tərəfindən idarə olunur.

ABŞ prezidenti çıxışında deyib: “Londona baxın; qorxulu bir meri olan şəhərə. Bu şəhər dəyişib, çox dəyişib. İndi onlar şəriəti icra etmək istəyirlər, amma bunu bacara bilməzlər.”

Sadiq Xan isə “Sky News”-a açıqlamasında bu sözlərə cavab olaraq deyib: “Tramp göstərib ki, irqçi, qadınlara qarşı ayrı-seçkilik edən və islamofobdur. İctimai rəy üçün bu sual ortaya çıxır ki, nə üçün ABŞ prezidenti azad, çoxmədəniyyətli və mütərəqqi bir şəhərdə müsəlman bir merə qarşı bu qədər həssasdır və davamlı olaraq mənə hücum edir? Elə görünür ki, mən səbəbsiz yerə onun beynini məşğul etmişəm.”

Londonun müsəlman meri Donald Trampın özü haqqında irəli sürdüyü irqçi və təhqiredici fikirlərə işarə edərək bildirib ki, “irqçi və təhqiredici sözlərə cavab verməyəcək.”

O əlavə edib: “Bir insan dəfələrlə belə sözlər deyirsə və bu cür davranış nümayiş etdirirsə, inanmaq lazımdır ki, həqiqətən də onun varlığında bu baxış mövcuddur.”

Xan bildirib ki, Trampın çıxışı təkcə məyusedici deyil, həm də “qırmızı xətti keçib” və irqi parçalanmanı körükləyib. Onun fikrincə, belə bəyanatlar böyük şəhərlərin qəbul etdiyi dözümlülük və müxtəliflik dəyərlərini zəiflədir.

Xan vurğulayıb ki, prezidentin humanitar və iqlim məsələlərinə etinasızlığı reallıqdan uzaqlaşmanı və beynəlxalq birgə məsuliyyət qarşısında çətinlik yaratmağı göstərir.

Qeyd edək ki, Sadiq Xan hələ 2015-ci ildə London merliyinə namizəd olanda Donald Trampın müsəlmanların ABŞ-a girişini qadağan etmək təklifini “iyrənc” adlandırmışdı. Pakistan əsilli olan Xan sonradan arzu etmişdi ki, Tramp 2016-cı il prezident seçkilərində “ağır məğlubiyyətə uğrasın”.

O, həmçinin Trampın birinci prezidentlik dönəmində 2017-ci ildə onun rəsmi səfərinin ləğvi üçün Britaniya hökuməti yanında lobbiçilik etmişdi.

Buna cavab olaraq Donald Tramp isə Sadiq Xanın tənqidlərini “çox çirkin” adlandırıb, onun fəaliyyətini “qorxulu” qiymətləndirib və onu “tam bir məğlub” kimi xarakterizə edib.

4306921

Teqlər: donald tramp ، irqçi ، islamofob ، london
captcha