“İQNA”-nın “Sout al-Shia”ya istinadla verdiyi xəbərə görə, Hörbi kilsə qəbiristanlığının kənarında yeni müsəlman qəbiristanlığının yaradılması barədə qərar kilsə şurasında qalmaqallara səbəb olub.
Bu qalmaqallar İsveç Demokratlar Partiyasının (SD) yaydığı broşürdən sonra baş qaldırıb. Broşürdə bu qəbiristanlığın yaradılması “hakimiyyət rəmzi” və “xristian dəyərlərinə təhdid” kimi təqdim olunub.
Sözügedən broşür kilsə seçkilərindən üç gün əvvəl paylanıb və bəziləri bunu seçicilərə təsir göstərmək cəhdi kimi qiymətləndiriblər. Broşürdə aypara işarəli məzar şəkilləri yer alıb və iddia olunub ki, müsəlmanlar guya qəbiristanlıqlarının yağış sularının “xristianlardan gəlməsinin” qarşısını almaq üçün hündür yerdə salınmasını tələb ediblər.
Həmçinin Sosial Demokrat Partiyasından kilsə şurası sədr müavini Robert Stenbek bu iddiaları rədd edib və bildirib ki, həmin yer yalnız texniki səbəblərə görə seçilib və müsəlman məzarları əvvəllər istifadə olunmamış torpaqda yerləşəcək, xristian məzarlarının üzərində yox. O əlavə edib ki, bütün qəbiristanlığın müsəlman qəbiristanlığına çevriləcəyi ilə bağlı söz-söhbətlər ölkədə müsəlmanlara qarşı qorxu yaymağa yönəlmiş təbliğatdır.
Əksinə, İsveç Demokratlarından kilsə şurasının üzvü Kay Yarl isə bildirib ki, partiya müsəlman qəbiristanlığına qarşı deyil, lakin onun xristian torpaqlarında yerləşdirilməsini qəbul etmir və kilsənin İsveç və xristian dəyərlərinin rəmzi kimi qorunmasının vacibliyini vurğulayıb.
Stenbek isə qeyd edib ki, müsəlman qəbiristanlıqları ilə təminat kilsənin məsuliyyətlərindən biridir. Onun sözlərinə görə, yeni qəbiristanlıq iki il əvvəl planlaşdırılıb və payızda açılacaq. Burada təxminən 5 min mövcud xristian məzarına müqabil olaraq 66 məzar yeri olacaq. Gözlənilir ki, bu qəbiristanlıq ildə yalnız iki-üç müsəlmanın dəfni üçün istifadə ediləcək və vəfat edənlərin yaxınlarına uzaq səfər etmədən ziyarət imkanı verəcək.
4306738