“İQNA”-nın “İslah” saytına istinadla verdiyi xəbərə görə, BBC-nin araşdırması, xidmət edən zabitlərin şok tətbiqlərini və ifadələrini üzə çıxardıqdan sonra London Metropoliten Polis Xidmətini sarsıtdı. Bu sənəd, illərlə aparılan rəsmi islahat və təmizlənmə vədlərinə baxmayaraq, təşkilatın daxilində irqçilik, qadın düşmənçiliyi və islamofobiya ilə dolu bir mədəniyyətin hökm sürdüyünü göstərib.
“Unmasked: Undercover in the Police” (Maskasız: Polisdə gizli çəkiliş) adlı sənədli film aydın şəkildə göstərir ki, əvvəllər yalnız bir və ya iki əməkdaşın “fərdi səhvi” kimi təqdim olunan hallar əslində zərərçəkənlərə biganəlik, nifrət təbliği və zəif təbəqələrə qarşı zorakılığı normallaşdıran sistemli bir problemdir.
Jurnalist Rori Bebb yeddi ay ərzində Londondakı ən işlək polis məntəqələrindən biri olan Charing Cross məntəqəsində mülki saxlanma bölməsində gizli şəkildə işləyib. O, gizli kameralar vasitəsilə həmkarlarının gündəlik fəaliyyətlərini qeydə alıb. Bu çəkilişlərdə ədəbsiz və təhqiramiz ifadələr, açıq-açıq seksual zarafatlar, zorakı davranışlar və miqrantlara, xüsusilə də müsəlmanlara qarşı təhqiramiz münasibət öz əksini tapıb.
Araşdırmanın ən ciddi məqamlarından biri ərəb və müsəlmanlara qarşı açıq nifrət dolu ifadələrin səsləndirilməsi olub. Britaniyadakı ərəb və müsəlman icmaları üçün bu açıqlamalar sadəcə dil sürüşməsi deyil, onlara qarşı ayrı-seçkiliyin dərin köklərə malik olduğunu sübut edən faktlardır. Halbuki polis onların təhlükəsizliyini təmin etməli, deyil onları hədəfə almalı idi.
Araşdırmada ifşa edilən ən tanınmış şəxslərdən biri 20 illik təcrübəyə malik serjant Co Makkaloni olub. O, həmkarları ilə çirkin cinsi ifadələrlə danışarkən və zorakılıq və ailədaxili zorakılıq hadisələrini bildirən qadınların fəryadlarını məsxərəyə qoyarkən səs yazısına düşüb.
Keçmiş müfəttiş Sue Fish bu materialları araşdıraraq onun sözlərini “dəhşətli” adlandırıb və bildirib ki, belə düşüncə tərzinin qərar qəbul edən vəzifələrdə olması qadınların təhlükəsizliyini təhdid edir və ədalətə olan inamı zədələyir.
Bu qalmaqal, xidmət edən bir polis əməkdaşı tərəfindən Sara Evrardın qətlə yetirilməsindən cəmi üç il sonra baş verir. Həmçinin bu hadisədən sonra baronessa Louise Casey tərəfindən hazırlanmış hesabatda London polisi “irqçi, qadın düşməni və homofob qurum” kimi xarakterizə olunmuşdu. İslahat vədlərinə baxmayaraq, yeni sənədlər göstərir ki, bu düşüncə tərzləri tam aradan qalxmayıb, əksinə, polis sisteminin gizli qatlarında yaşamağa davam edir.
4308764