“İQNA”-nın “twaslnews”-a istinadla verdiyi xəbərə görə, 2016-cı il oktyabrın 14-də YUNESKO-nun İcraiyyə Şurasının Proqramlar və Xarici Əlaqələr Komitəsi bir qətnamə qəbul etdi. Qətnamədə bildirilirdi ki, bu təşkilat Məscidül-Əqsanı İslamın müqəddəs məkanlarından biri hesab edir.
Bu qətnamədə yəhudilərin bu məbəd ilə tarixi əlaqəsinə heç bir istinad edilməmişdi. Həmçinin, sionist ekstremistlərin və İsrail ordusunun bu məbədə təkrar-təkrar hücumları pislənmişdi.
Qətnamə Əlcəzair, Misir, Livan, Mərakeş, Oman, Qətər və Sudan tərəfindən irəli sürülən təklifə cavab olaraq qəbul edilmişdi. Bir sıra İslam təşkilatları və qurumları – o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Əl-Əzhər Müşahidə Mərkəzi və İraqdakı Müsəlman Alimlər Assosiasiyası, eləcə də Fələstin hökuməti və qrupları – bu qətnaməni alqışlamışdılar.
Digər tərəfdən, İsrail mənbələri bildirirdilər ki, bu rejim YUNESKO-nun qətnaməsini dəyişdirməyə çalışır və bu məqsədlə intensiv diplomatik fəaliyyət aparır. Bəzi təhlilçilər isə qeyd edirdilər ki, bu sənəd beynəlxalq səviyyədə Qüdsün işğal olunmuş ərazi olduğunu və İsrailin bu məsələni danışıqlar yolu ilə həll etməli olduğunu təsdiqləyir.
Məscidül-Əqsa dünyanın ən böyük məscidlərindən biridir və müsəlmanların ziyarət etdiyi üç məsciddən biridir. Həzrət Mühəmməd (s) buyurub: “(Müsəlmanların səfər edərək ziyarət etməyə layiq olduqları üç məscid vardır: Məscidül-Həram, Məscidün-Nəbi və Məscidül-Əqsa).”
Bu məscid Fələstinin qədim Qüds şəhərində yerləşir və onunla əhatələnmiş bütün ərazini əhatə edir. “Məscidül-Əqsa” adı Qüds şəhərinin cənub-şərqində yerləşən, divarlarla əhatələnmiş bu məkanın daxilindəki bütün hissələrə aid edilir.
Onun sahəsi təxminən 144.000 kvadratmetrdir və bu ərazidə Qübbətüs-Səxra, Qiblə məscidi, Mərvani ibadətgahı, Babür-Rəhmə namazgahı və təxminən 200 digər tarixi bina və məkan yerləşir. Məscidül-Əqsa “Muriya dağı” adlanan kiçik bir təpə üzərində yerləşir. Bu təpənin ən yüksək nöqtəsində “Səxrə daşı” var və o, məscidin mərkəzində yerləşir.
Məscidül-Əqsa Qurani-Kərimdə də zikr olunub:
“Pak və uca olan Allah odur ki, bəndəsini (Mühəmmədi) bir gecə Məscidül-Həramdan ətrafını bərəkətləndirdiyimiz Məscidül-Əqsaya apardı ki, ona ayələrimizdən bir qismini göstərək. Həqiqətən, O, eşidəndir və görəndir.”
(İsra surəsi, 1-ci ayə)
Yəhudilər də bu məkanı müqəddəs sayır və Məscidül-Əqsanın yerləşdiyi sahəni “Məbəd dağı” adlandırırlar. Onlar bunu Həzrət Süleymanın məbədi ilə əlaqələndirirlər. Bir çox yəhudi təşkilatları bu bəhanədən istifadə edərək öz inanclarına əsasən yeni bir məbəd tikmək niyyətindədirlər.
4310633