IQNA

Avstraliyada Qurani-Kərimin əzbərdən oxunması müsabiqəsi müsəlman gənclərin kimliyini möhkəmləndirmək üçün nümunə

10:37 - October 23, 2025
Xəbər sayı: 3499081
İQNA - Avstraliyada keçirilən Qurani-Kərim əzbərləmə (hifz) müsabiqələri münsiflik şərtlərinin yaxşılaşdırılması və iştirakçıların sayının artması ilə bu ölkədəki müsəlman gənclərin kimliyini möhkəmləndirmək üçün bir nümunəyə çevrilib.

“İQNA”-nın “SBS”ə istinadla verdiyi xəbərə görə, Avstraliyada keçirilən Qurani-Kərim hifzi müsabiqəsi, Qurani-Kərimin gözəllik və mənəvi dəyər baxımından fərqli bir modelini nümayiş etdirir. Bu yarışma Allahın kitabını əzbərləməyi, onu düzgün tilavət etməyi və gənc nəsillər arasında İslami kimliyi gücləndirməyi milli səviyyədə fəaliyyət göstərən Quran tədris müəssisələri arasında birlik və əməkdaşlıq mühiti ilə birləşdirir.

Quran müsabiqələrinin əhəmiyyəti yalnız insanları Allahın kitabını əzbərləməyə təşviq etməsində deyil, həm də onun estetik, dil və əxlaqi yönlərinin dərkini yenidən canlandırmasında özünü göstərir.

Kanberrada yerləşən “Gungahlin məscidinin” nəzdində fəaliyyət göstərən “Quran Hifzi Məktəbi” tərəfindən təşkil olunan “Hafizul-Quran” müsabiqəsi bu sahədə Avstraliyada ən mühüm təşəbbüslərdən biri sayılır. İki il əvvəl başlanandan bəri bu müsabiqə, Quran əhlinə ehtiramın və bu müqəddəs kitabın dil gözəlliyinin tanıdılmasının milli miqyasda tanınmış bir platformasına çevrilib.

Təşkilatçılardan biri olan Əşhəd əs-Sulhi, “SBS Ərəb”lə müsahibəsində yarışmanın keyfiyyət baxımından dəyişməsinin vacibliyini vurğulayaraq deyib:

“Bu yarışma əvvəllər yalnız Kanberrada keçirilirdi, milli səviyyədə deyildi. Bu il ilk dəfə biz bu miqyasda bir müsabiqə təşkil etməyi düşündük. Bütün Quran tədris müəssisələrini bir çətir altında birləşdirərək onların arasında əməkdaşlıq əlaqələrini gücləndirmək üçün güclü bir istək vardı.”

O əlavə edib ki, ABŞ-dan tanınmış Quran hakimi Məhəmməd Fuad Əbdülməcîd və Şeyx əl-Misravî kimi görkəmli alimlərin iştirakı, münsiflik səviyyəsinin yüksəldilməsində və müsabiqənin beynəlmiləlləşməsində mühüm rol oynayıb.

Əs-Sulhi davam edərək deyib: “Ən böyük çətinlik münsiflik səviyyəsinin artırılması, sualların hazırlanması və beynəlxalq çərçivədə qiymətləndirmənin həyata keçirilməsi idi. Bundan başqa, texnoloji tərəf yarışmanın təşkilində əsas rol oynadı, çünki biz süni intellekt və informasiya sistemləri üzrə mütəxəssislərdən ibarət müxtəlif bir komanda qurduq. Məqsəd insan amilindən asılılığı azaltmaq və qiymətləndirmədə ədalət və dəqiqliyin ən yüksək səviyyəsinə nail olmaq idi.”

O bu barədə əlavə edib: “Komandamız çoxşaxəlidir və süni intellekt və informasiya sistemləri sahəsində mütəxəssislər çoxdur. Onların səyi nəticəsində biz insan amilini minimuma endirdik. Dəqiq meyarlar müəyyənləşdirildi və standart modellərə nail olmaq üçün bütün suallar təhlil olundu.”

Bu ilki yarışmanın diqqətçəkən cəhətlərindən biri də kişilərlə yanaşı qadınların da sərbəst şəkildə iştirak edə bilməsi idi. Qadın iştirakçıların payı təxminən 45 faiz təşkil edib ki, bu da Qurana maraq göstərən və bu sahədə irəliləmək istəyən qadınların sayının artmasının müsbət göstəricisidir.

4312157

captcha