IQNA

Britaniyada Fələstini müdafiə edən həkimin həbsi

10:45 - October 23, 2025
Xəbər sayı: 3499082
İQNA - Britaniya polisi Fələstin əsilli bir həkimi “Əqsa Tufanı” barədə fikirlərinə görə həbs edib.

“İQNA”-nın “Arabi 21” saytına istinadən verdiyi xəbərə görə, Britaniya polisi Fələstin əsilli həkim Rəhmə əl-Ədvanı “Əqsa Tufanı”  əməliyyatı ilə bağlı paylaşımına görə həbs edib. Halbuki, o bundan əvvəl də səhiyyə orqanları tərəfindən dindirilməyə çağırılmışdı.

Dr. Rəhmə əl-Ədvan daha sonra azad edilib. O, X (keçmiş Twitter) sosial şəbəkəsində paylaşımında bu hücumu İsrail üçün “bir alçaldılma” kimi qiymətləndirib.

O yazıb: “7 oktyabr, İsrailin alçaldıldığı gündür. Onların üstünlüyü evlərindən qovulmuş uşaqlar tərəfindən sındırıldı. O uşaqlar ki, yəhudilər tərəfindən sevdiklərinin edamına və torpaqlarının qəsb edilməsinə şahid olublar.”

London polisi açıqlayıb ki, 31 yaşlı bu həkim çərşənbə axşamı səhər ictimai əlaqələrdən sui-istifadə və irqi nifrətə təhrik ittihamı ilə saxlanılıb.

Sosial şəbəkələrdə yayılan videoda qadın polis əməkdaşı ittihamları həkimə oxuyarkən deyir:

“21 iyulda, Xarici İşlər və Millətlər Birliyi Nazirliyinin qarşısında keçirilən Fələstini dəstəkləyən nümayişdə siz İsrailin məhvini çağırış kimi qiymətləndirilən və İsrailə qarşı silahlı müqavimətdə iştirak edənləri dəstəkləyən bəyanat vermisiniz.”

Dr. Ədvan həmin mitinqdə “Fələstinin azadlığının beş prinsipi”ndən danışıb və İsraili “Fələstində mövcud olan terrorçu rejim” adlandıraraq, onun ləğv edilməli olduğunu bildirib.

Polis həm onun X platformasındakı paylaşımlarına, həm də aylar öncəki həmin mitinqdə səsləndirdiyi bəyanata istinad edib. Polis bəyanatı “düşmənçilik dolu və açıq-aşkar yəhudi əleyhinə” adlandırıb.

Dr. Ədvan ötən ay intizam komitəsi tərəfindən dindirilib və bəraət alıb. Lakin, Ümumi Tibb Şurası onun işini əlavə araşdırma üçün başqa komitəyə göndərib və həkimin cümə axşamı həmin komitəyə çıxacağı bildirilib.

Digər tərəfdən, həkimin hüquqi nümayəndələri vurğulayıblar ki, o, İsrailin cinayətlərinə qarşı çıxmaq üçün ifadə azadlığı hüququndan istifadə edir.

Fələstini müdafiə edən fəallar da bildiriblər ki, bu həkimə qarşı “nifrət təbliği” ittihamı İsrail tərəfdarı lobbilərin təzyiqi nəticəsində irəli sürülüb və bu, Qəzzadakı soyqırıma qarşı çıxan səsləri susdurmaq məqsədi daşıyan açıq senzura halıdır.

Onun müdafiəsi üçün etiraz aksiyaları və polisə məktub və zənglər etməyə çağıran kampaniya başladılıb. Fəallar bildiriblər ki, “onun həbsi səhvdir” və bu, siyasi motivli məhkəmə olub, yanlış məlumatlara əsaslanır.

4312239

captcha