“İQNA”-nın “Euronews”-ə istinadla verdiyi xəbərə görə, Britaniya İslam Fondunun icraçı direktoru Aqilə Əhməd deyib: “Mən hesab edirəm ki, müsəlmanlar islamofoblar üçün asan hədəfdirlər; çünki onların dini görünüşü açıq-aşkar fərqlənir, xüsusən də mənim kimi hicab taxanlar.”
O əlavə edib: “Demək olar ki, getdiyim hər yerdə müsəlmanlar nifrət dolu münasibətlərlə qarşılaşdıqlarını bildiriblər və bu, onların valideynlərinin 1970-ci və 1980-ci illərdə yaşadıqları təcrübəyə bənzəyir.”
Bu arada The Guardian qəzeti xəbər verib ki, Britaniya hökuməti bu ilin iyul ayında Britaniya İslam Fondunu (BMT) “Müsəlmanlara qarşı nifrətlə mübarizə fondu”ndan vəsait almaq üçün seçərək, islamofobiya ilə mübarizədə rəsmi tərəfdaş kimi təyin edib.
O vaxtdan bəri, Fondun icraçı direktoru Aqilə Əhməd müsəlman icmalarının üzvləri ilə birbaşa təmas qurmaq, onların qarşılaşdıqları nifrət formalarını sənədləşdirmək və təcrübələrini dinləmək məqsədilə Bradford (Qərbi Yorkşir), Şərqi Sasseks, Böyük London və Böyük Mançesterdə görüşlər keçirib.
O deyib: “Reallıqda mövcud olan nifrət, insanların həyatına dərin təsir göstərməsinə baxmayaraq, hələ də hesabatlarda düzgün tanınmır və lazımınca diqqətə alınmır.”
Əhməd bildirib ki, fond rəqəmsal mühitdəki nifrət ritorikası ilə onun real həyatda doğurduğu nəticələr arasında əlaqəni daha yaxşı anlamaq üçün sahə araşdırmaları aparacaq.
Aqilə Əhməd vurğulayıb ki, müsəlman icmalar üçün xüsusi imtiyazlara və ya istisna tədbirlərə ehtiyac yoxdur; əsas məsələ qanunun olduğu kimi qorunması və effektiv şəkildə icra edilməsidir.
O əlavə edib: “Bu məsələ yalnız irqçi və ya islamofob məzmunla bağlı deyil, həm də zorakılığı təşviq edən və açıq şəkildə qanunu pozan məzmunları da əhatə edir.”
Britaniya İslam Fondunun icraçı direktoru sonda deyib: “Biz dinin müdafiəsini tələb etmirik, sadəcə istəyirik ki, qanunu pozanlara qarşı, kim olmalarından asılı olmayaraq, qanun eyni şəkildə tətbiq olunsun.”
4314052