IQNA

Seulda ilk İslam incəsənəti qalereyası açıldı

11:37 - November 24, 2025
Xəbər sayı: 3499267
İQNA - Cənubi Koreyanın Milli Muzeyi tərəfindən Seulda ölkənin ilk daimi İslam incəsənəti qalereyası, cümə günü 21 noyabrda istifadəyə verilib.

“Muslimsaroundtheworld” saytının xəbərinə görə, bu qalereyanın açılışı Cənubi Koreyanın İslam sivilizasiyasına və onun orijinal irsinə artan diqqətinin göstəricisidir. “İslam incəsənəti: Möhtəşəm bir səfər” adlı bu bölmə Qətərin Doha şəhərindəki İslam İncəsənəti Muzeyi ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

Bu layihə iki mədəniyyət müəssisəsinin – Seul və Doha muzeylərinin – əməkdaşlığının nəticəsi olaraq, İslam incəsənətinin gözəlliklərinə geniş bir pəncərə açmaq və əsrlər boyu İslam dünyasında bədii sənətlərin inkişafını nümayiş etdirmək məqsədilə həyata keçirilib.

Qalereya, İslam tarixi sənətlərində istifadə olunmuş dekorativ zənginliyi, dəqiq həndəsi naxışları və materialların müxtəlifliyini göstərən bir sıra sənət nümunələrini özündə birləşdirir. Bu əsərlər İslam incəsənətinin Yaxın Şərqdən Mərkəzi Asiyaya və Cənubi Asiyaya qədər geniş yayılmasını əks etdirir.

İslam incəsənəti qalereyasının açılışı Cənubi Koreya ilə İslam dünyası arasında mədəni körpülərin gücləndirilməsi və koreyalıların müsəlmanların zəngin və çoxşaxəli mədəni irsi ilə daha yaxından tanış olması üçün yeni bir addımdır.

Cənubi Koreyanın Milli Muzeyi 1945-ci ildən Seul şəhərində fəaliyyət göstərir və 220 min artefaktla ölkənin tarixini və incəsənətini tanıtmaqda aparıcı rol oynayır. Muzey arxeologiya, tarix, incəsənət sahələri üzrə tədqiqatlar aparır və müvəqqəti sərgilər, tədris proqramları təşkil edir.

Qətərin İslam İncəsənəti Muzeyi isə 2008-ci ildə açılıb. Binanın memarı məşhur amerikalı memar İ.M. Pey olub.

Bu muzey dünyanın ən geniş İslam incəsənəti kolleksiyalarından birinə malikdir və İslam irsinin müxtəlif bölgələrindən olan şah əsərləri bir araya gətirir.

4318512

captcha