“Əl-Cəzirə”nin verdiyi xəbərə görə, Fransa, Almaniya, Britaniya və İtaliyanın xarici işlər nazirləri birgə bəyanat yayaraq İsraildən beynəlxalq hüquqa uyğun şəkildə davranmağı və sionist gəlmələrin Qərb sahilində fələstinlilərə qarşı zorakılığını dayandırmağı istəyiblər.
Bəyanatda bildirilib: “Biz sionist gəlmələrin fələstinli mülki şəxslərə qarşı dəhşətli şəkildə artan zorakılığını qətiyyətlə pisləyirik və Qərb sahilində sabitliyin bərpasını tələb edirik.”
Bu dörd ölkə qeyd edib ki, gərginliyi artıran addımlar Qəzzə ilə bağlı iyirmi maddədən ibarət planın uğurunu, eləcə də uzunmüddətli sülh və təhlükəsizlik perspektivlərini təhlükə altına qoyur.
Bəyanatda həmçinin vurğulanır ki, sionist gəlmələrin fələstinlilərə qarşı hücumları dayandırılmalı, çünki bu hücumlar mülki əhalidə qorxu yaradır və sülhün bərqərar olması üçün aparılan səyləri məhv edir.
Son günlər ifratçı yəhudi sionist gəlmələr fələstinlilərə qarşı hücumlarını və onların əmlakına — o cümlədən avtomobillərə, bağlara və plantasiyalara — qarşı dağıdıcı hərəkətləri artırıblar ki, fələstinlilər bölgəni tərk etməyə məcbur qalsınlar.
4319582