IQNA

Hərəmeyni Şərifeyndə fotoqrafiya qadağası

12:59 - December 11, 2025
Xəbər sayı: 3499381
İQNA – Səudiyyə Ərəbistanı 2026-cı il Həcc mərasimi zamanı Məscidül-Həram və Məscidün-Nəbidə fotoqrafiyanı qadağan edib.

“İQNA”-nın “Əl-Aləm 24”-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə rəsmiləri Həcc 2026 üçün geniş qaydalar toplusu elan ediblər. Bu qaydalar əsasən zəvvarların mənəvi təcrübəsini artırmaq, təhlükəsizliyi və hərəkətin rahatlığını təmin etmək məqsədi daşıyır. Ən diqqətçəkən yeni tədbirlərdən biri Məkkədəki Məscidül-Həram və Mədinədəki Məscidün-Nəbidə fotoqrafiyanın qadağan edilməsidir. 

Bu addım Hərəmeyni Şərifeynin hörmətini qorumaq, ibadət və ehtiram mühitini saxlamaq, namaz qılanların sakitliyini və məxfiliyini poza biləcək hər cür hərəkətdən uzaq durmaq üçün atılıb. Bu, Səudiyyə rəhbərliyinin Hərəmeyn-i Şərifeyni nizam və ehtiram nümunəsinə çevirmək istiqamətindəki göstərişlərinə uyğundur. 

Yeni qaydalar logistik və tibbi məsələləri də əhatə edir. Bu çərçivədə zəvvarların kütləvi hərəkətin idarə olunması qaydalarına riayət etməsinin vacibliyi vurğulanıb. Xüsusilə Minadan Cəmərata həyati keçid zamanı izdiham yaratmamaq, təyin olunmuş piyada yollarında oturmamaq və dayanmamaq tələb olunub ki, bütün zəvvarlar üçün təhlükəsiz və nizamlı hərəkət təmin edilsin. 

Həcc mərasiminin keçirildiyi vaxtda yüksək temperatur gözlənildiyindən, Səudiyyə rəsmiləri zəvvarlara sağlamlıqla bağlı mühüm göstərişlər veriblər. Bu göstərişlərdə zəvvarlardan maksimum ehtiyat tədbirləri görmək, baş örtüyü geyinmək və günəşin birbaşa təsirindən qorunmaq üçün istilikdən mühafizə vasitələrindən istifadə etmək tələb olunub. 

Məsul qurumlar zəvvarlara həmçinin zəruri hallardan başqa, günün ən isti saatlarında mərasimləri yerinə yetirmək üçün çölə çıxmamağı tövsiyə ediblər. Onlardan bütün rəsmi Həcc heyətlərinin və Səudiyyə nəzarət orqanlarının elan və göstərişlərinə diqqətlə riayət etmələri istənilib ki, mərasimlər müqəddəs məkanların hörmətinə və dünyanın hər yerindən gələn zəvvarların hisslərinə ehtiram göstərən təhlükəsiz və nizamlı mühitdə icra olunsun. 

4322250

captcha