“İQNA”-nın “Avstraliya bil-ərabiyə” istinadla verdiyi xəbərə görə, Avstraliyadakı müsəlman icmaları nifrətdən qaynaqlanan hadisələrin və irqçi hücumların narahatedici artışı ilə üzləşiblər. Bunlara divar yazıları, müsəlman qəbiristanlığında qəbrlərin üzərinə kəsilmiş donuzların atılması, şifahi təhqirlər və müsəlman qadınlara yönəlmiş hədələr daxildir.
Avstraliya İslam Şurası – ölkədəki məscid imamlarını, alimləri və dini liderləri təmsil edən qurum – Bondi bölgəsindəki hücumdan sonra xəbərdarlıq edib ki, müsəlman icması haqsız şəkildə hücuma məruz qalır və üstüörtülü şəkildə qətiyyətlə rədd etdiyi zorakı hərəkətlərlə əlaqələndirilir.
Məlumatlara görə, Avstraliyada 9 məscid və İslam mərkəzi dağıdıcılıq və ciddi təhlükəsizlik hadisələrini qeydə alıb. Bu, polis müdaxiləsini tələb edib və ibadət yerləri, məktəblər və ictimai mərkəzlər daha çox qorxu və ehtiyat mühitində fəaliyyət göstərməyə məcbur olub.
Sidneynin cənub-qərbində bir məscid Milad bayramı günü baş verən hücumdan sonra polisin cavab verməməsində ittiham edib. Edmondson Parkdakı başqa bir məscid isə zorakı hədələr alıb ki, bu da yerli icmada geniş qorxuya səbəb olub.
Bu kontekstdə Avstraliya Milli İmamlar Şurası bəyan edib: “Namaz qılanların, artan islamofobiya, nifrət təbliğatı və açıq zorakılıq hədələri fonunda, dəhşətli hücumların təkrarından daimi qorxu içində yaşaması qəbuledilməzdir.”
Son bir həftə ərzində Avstraliya müsəlmanları, hücumçuların hərəkətləri ilə heç bir əlaqələri olmadığı halda, ittihamların əhəmiyyətli dərəcədə artması ilə üzləşiblər.
Bu, İslam müəssisələrində dağıdıcılığın kəskin artmasında, şifahi təhqirlərdə, fiziki qorxutmalarda və sosial mediada nifrət təbliğatının genişlənməsində özünü göstərib.
Avstraliyada İslamofobiya ilə Mübarizə Mərkəzi müsəlmanlara qarşı nifrət hadisələrinin təxminən 300 faiz artdığını qeydə alıb. Mərkəzin qaynar xətti həmçinin qurbanlardan, valideynlərdən və işəgötürənlərdən narahatedici zənglər qəbul edib. Onlar şəxsi təhlükəsizliklərinə yönəlmiş hədələrin və qorxuların artdığını bildiriblər və vəziyyətin yaxın gələcəkdə daha da pisləşəcəyindən ciddi narahatlıq ifadə ediblər.
4325801