“İQNA”-nın “Middle East News” agentliyinə istinadla verdiyi xəbərə görə, Fələstin Jurnalistlər Birliyi bildirib ki, işğalçı qüvvələr jurnalistlərə qarşı təşkilatlanmış hədəfləmə siyasətini davam etdirir. Bu siyasət özbaşına və inzibati həbsləri, döyülmələri, sürgünləri, media avadanlıqlarının müsadirəsini və məcburi istintaqları əhatə edir və məqsəd xəbər axınını susdurmaq, milli media strukturunu zəiflətməkdir.
Birliyin Azadlıqlar Komitəsi həbslərin modelində təhlükəli dəyişikliklərdən xəbər verib; bunlara nüfuzlu jurnalistlərə yönəlmə, eyni jurnalistin təkrar həbsi, ittiham irəli sürülmədən inzibati həbslərin genişlənməsi və fiziki-psixoloji zorakılığın çəkindirici vasitə kimi tətbiqi daxildir.
Hesabatda onlarla hal qeydə alınıb ki, jurnalistlər sahə missiyası icra edərkən və hücumları işıqlandırarkən həbs olunublar. Birliyin sözlərinə görə, bu, şahidləri meydandan uzaqlaşdırmaq cəhdidir. Eyni zamanda jurnalistlərin evlərinə basqınların artdığı və onların ailələrinin gözü qarşısında həbs edildiyi vurğulanıb; bu metod jurnalistlərin mənəvi və ictimai gücünü sındırmaq məqsədi daşıyır.
Komitə inzibati həbsi ən təhlükəli təzyiq forması kimi təsvir edib; çünki jurnalisti “müddətsiz hökm əsiri”nə çevirir və beynəlxalq qanunların açıq şəkildə pozulması sayılır. Hesabatda həmçinin döyülmə, yerə sürükləmə, silahla hədələmə və avadanlıqların geri qaytarılmadan müsadirəsi halları qeyd olunub ki, bunlar jurnalistlərin peşə fəaliyyətini iflic etmək məqsədi daşıyır.
Sonda birlik, BMT-ni və beynəlxalq insan haqları qurumlarını təcili müdaxilə etməyə, fələstinli jurnalistlərə qarşı cinayətlərin törədicilərini və göstəriş verənləri məsuliyyətə cəlb edib mühakimə etməyə çağırıb.
4326487