“İQNA”-nın “əd-Düstur” qəzetinə istinadən verdiyi xəbərə görə, Misir və İslam dünyasının tanınmış qarisi Əbdül-Basit Əbdüs-Səmədin oğlu Şeyx Tareq Əbdül-Basit vurğulayıb ki, Misirdə Qari muzeyinin təsis edilməsi layihəsi dövlət üçün müsbət və mühüm addımdır. Bu layihə Vəqflər və Mədəniyyət nazirliklərinin əməkdaşlığı ilə həyata keçirilib və muzey Quran əhlini və onların həyat tarixçəsini gerçək şəkildə qiymətləndirməyi göstərir.
O əlavə edib: “Görkəmli qarilərin şəxsi əşyalarının toplanması və xüsusi muzeydə nümayişi, Allahın kitabını öz səsi ilə qoruyan bu qarilərə mənəvi ehtiramdır. Təbii ki, onların həyat hekayəsi və əşyaları layiq olduqları məkanda saxlanmalıdır”.
Tareq Əbdül-Basit sözlərinə davam edərək bildirib: “Dövlət, xüsusilə prezidentlik, Mədəniyyət Nazirliyi və bütün məsul şəxslər bu böyük layihəyə görə təşəkkürə layiqdirlər. Bu, mühüm mədəni və dini layihədir ki, həm Misirdə, həm də Misirdən kənarda yaşayan insanlar böyük qarilərin həyat hekayəsi ilə tanış ola bilirlər”.
Əbdül-Basit Əbdüs-Səmədin oğlu qarilərin ailələri tərəfindən onların əşyalarının bağışlanması barədə deyib ki, bu əşyaların çox yüksək mənəvi dəyəri olduğuna görə ailələr üçün bu addımı atmaq asan deyildi. Lakin bu əşyaların təhlükəsiz və hörmətli bir məkanda qorunacağına və nümayiş etdiriləcəyinə dair məsul bir qurumun mövcudluğu onların razılığının əsas səbəbi olub.
O əlavə edib: “Bu əşyalar illərlə qarilərin ailələri və sevənləri yanında qalmışdı. Hər kəs bir xatirə saxlamışdı – istər şəkil, istər səs yazısı, istərsə də şəxsi əşya. Lakin onların rəsmi muzeydə nümayişi gələcək nəsillər üçün qorunmasını təmin edir və insanları bu qarilərin həyat tarixi ilə tanış edir”.
Şeyx Tareq Misirdəki Darul-Quran və Qari muzeyini ziyarəti zamanı hisslərini təsvir edərək deyib ki, bu ziyarət xoş bir təcrübə idi və bu məkan sözlə ifadə olunmaz xüsusi bir duyğu oyadır.
O əlavə edib: “Darul-Qurana daxil olduğumda divarların hər tərəfində Quran ayələrini gördüm və özümü cənnət bağında hiss etdim. Heyrət və xüşu içində, eyni zamanda rahatlıq və sevinc hissi yaşadım. Çünki bu, hər bir müsəlmanın fəxr etdiyi böyük dini və mədəni abidədir”.
Əbdül-Basit Əbdüs-Səmədin oğlu bildirib ki, həmişə bu irsin qorunacağı bir məkan arzulayıb, lakin heç vaxt bu qədər gözəl və incə dizaynla reallaşacağını təsəvvür etməyib. O gördüklərini İslam dünyasının ən böyük dini abidələri ilə müqayisə edib və bunun Misirin hələ də böyük qarilərin və Qurani-Kərim hafizlərinin yurdu olduğunu açıq şəkildə göstərən bir mesaj olduğunu vurğulayıb.
Misirdə ilk Qari muzeyi bir müddət əvvəl Misirin Vəqflər naziri Usamə əl-Əzhəri və Mədəniyyət naziri Əhməd Fuad Henunun iştirakı ilə açılıb və nazirlər muzeyin müxtəlif bölmələrini ziyarət ediblər.
Muzey Misirin görkəmli 11 qarisinə aid şəxsi əşyaları əhatə edir. Bunlar arasında Məhəmməd Rifət, Abdul Fəttah Şuaşaai, Taha əl-Fəşni, Mustafa İsmayıl, Mahmud Xəlil əl-Hüsri, Məhəmməd Sadiq Menşavi, Əbul-Əynin Şuaşa, Mahmud Əli əl-Bənna, ustad Əbdül-Basit Əbdüs-Səməd, Məhəmməd Mahmud Tiblavi və Əhməd ər-Ruzeyfi yer alır. Qarilərin ailələri də muzeyi ziyarət mərasimində iştirak ediblər.
4327380