IQNA

Vaşinqtonda Qəzza Sülh Şurasının iclası keçiriləcək

11:55 - February 08, 2026
Xəbər sayı: 3499704
İQNA – ABŞ hökuməti 19 fevralda Vaşinqtonda “Qəzza Sülh Şurası” liderlərinin ilk rəsmi toplantısını keçirməyə hazırlaşır. Bu toplantının məqsədi atəşkəsin ikinci mərhələsini irəli aparmaq, Qəzzanın yenidən qurulmasına başlamaq və bölgənin tam şəkildə silahsızlaşdırılması planını icra etməkdir.

“İQNA”-nın “əl-Qüds”ə istinadən verdiyi xəbərə görə, media mənbələri bir amerikalı rəsmiyə və bir neçə diplomatın açıqlamalarına əsaslanaraq bildiriblər ki, Ağ Ev 19 fevralda “Qəzza Sülh Şurası” liderlərinin iştirakı ilə bir toplantı keçirməyi planlaşdırır. Bu toplantı şuranın ilk rəsmi yığıncağı olacaq və Qəzza zolağının yenidən qurulması üçün beynəlxalq donor konfransını da əhatə edəcək.

Ağ Ev bu barədə rəsmi açıqlama verməkdən çəkinir, lakin xəbər mənbələri vurğulayırlar ki, koordinasiya işləri ilkin mərhələdədir və Donald Tramp administrasiyası bu iclasa qatılmaq üçün onlarla ölkə ilə məsləhətləşmələrə başlayıb.

Bildirilib ki, İsrailin baş naziri Benyamin Netanyahu böyük ehtimalla 18 fevralda, yəni toplantıdan bir gün əvvəl, ABŞ prezidenti Donald Tramp ilə Ağ Evdə görüşəcək.

Xəbər mənbələri ABŞ-ın BMT-dəki nümayəndəsi Maykl Valtzın açıqlamasına istinadən bildiriblər ki, Vaşinqton Qəzzanın hərbi infrastrukturunun və tunellərinin tam məhv edilməsini nəzərdə tutan, razılaşdırılmış bir silahsızlaşdırma prosesinə başlamaq niyyətindədir.

Qeyd edək ki, ötən ay yaradıldığı elan edilən Qəzza Sülh Şurası 27 üzvdən ibarətdir, Donald Trampın rəhbərliyi altında fəaliyyət göstərir və atəşkəsin icrasına, idarəçilik məsələlərinə və Qəzzanın yenidən qurulması prosesinə nəzarət etmək tapşırığı alıb.

Bununla belə, bu şuranın yaradılması bəzi Qərb ölkələri tərəfindən ciddi suallar doğurub. Çünki bu quruma geniş səlahiyyətlərin verilməsi və Donald Trampa qərarvermədə “eksklüziv veto hüququ”nun tanınması bəzi dairələr tərəfindən onu BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi alternativi kimi qiymətləndirilməsinə səbəb olub.

4332785  

captcha