IQNA

Qahirə Universitetində “Dövlət Tilavəti” proqramının seçilən qarilərinin təltif edilməsi

7:20 - February 12, 2026
Xəbər sayı: 3499730
İQNA – Misirin “Dövlət Tilavəti” televiziya proqramı hələ final mərhələsinə və nəticələrin açıqlanmasına çatmamışkən, bu proqramda uğurlu çıxış edən iki misirli qari Qahirə Universitetində təltif olunub.

“İQNA”-nın “ət-Təvasul”a istinadən verdiyi xəbərə görə, Qahirə Universitetində istedadların kəşfinə yönəlmiş “Dövlət Tilavəti” televiziya proqramının bir sıra əməkdaşları, o cümlədən proqramın aparıcısı və Qahirə Universitetinin İxtisaslaşmış Tədris Fakültəsinin dosenti Ayə Əbdürrəhman, eləcə də müsabiqənin iki seçilən iştirakçısı – Məhəmməd əl-Qəllaci və Bilal Seyf – təltif olunublar.

Əl-Əzhər alimlərindən Şeyx Əşrəf əl-Fil mərasimdə çıxış edərək bildirib:

“Dövlət Tilavəti proqramı cəmiyyətdə mühüm rol oynayıb və tamaşaçılara bu tilavətləri dinləməklə 30–40 il əvvələ qayıtmaq, böyük qiraət ustadlarının tilavətlərini xatırlamaq imkanı yaradıb.”

O əlavə edib ki, proqramın üstünlüklərindən biri səs və ləhn məsələsinə diqqət göstərməsidir və vurğulayıb:

“Musiqi məqamlarının çoxu Qurani-Kərimin tilavətindən formalaşıb.”

Şeyx əl-Fil sözünə davam edib:

“Uca Allah Qurani-Kərimi öz səsi ilə Cəbrailə oxudu, Cəbrail də Peyğəmbəri (s) öz səsi ilə Quranı dinləməyə təşviq etdi. Peyğəmbər (s) də Quranı öz səsi ilə səhabələrinə tilavət edirdi. Bu isə Qurani-Kərimdə müxtəlif qiraət məqamlarının mövcudluğunu göstərir.”

Əl-Əzhər alimi vurğulayıb:

“Quran ruhun qidasıdır və insan ruh, nəfs, ağıl, bədən və yoldaş (həyat yoldaşı) olmaqla beş hissədən ibarətdir. Həyatın sirrini isə yalnız Uca Allah bilir.”

Daha sonra “Dövlət Tilavəti” proqramının seçilən iştirakçılarından Məhəmməd əl-Qəllaci Qahirə Universitetinə bu mərasimi təşkil etdiyinə görə təşəkkür edərək bildirib ki, o, Qurani-Kərimi əzbərləməyə dörd yaşından başlayıb və bir sıra misirli ustadların yanında təhsil alıb.

Proqramın digər seçilən iştirakçısı Şeyx Bilal Seyf isə deyib:

“O, Qurani-Kərimi 15 yaşında Bəni Süveyf vilayətində əzbərləyib və Qahirə vilayətinə köçdükdən sonra tanınmış ustadlara müraciət edərək qiraət elmlərini öyrənməyə və bu sahədə inkişaf etməyə çalışıb.”

Bu arada “Dövlət Tilavəti” proqramının tilavət bölməsinin münsiflər heyəti son buraxılışda Bilal Seyf və Məhəmməd Həsənin çıxışlarını yüksək qiymətləndirərək bildirib ki, onların tilavət səviyyəsi gələcəkdə iki böyük qariyin yetişməsi üçün zəmin yaradır.

Qeyd edək ki, “Dövlət Tilavəti” proqramı Misirin Vəqflər Nazirliyi ilə “əl-Müttəhida” Media Xidmətləri Şirkətinin birgə əməkdaşlığı çərçivəsində ölkənin müxtəlif vilayətlərindən istedadlı və seçilən qari və hafizləri müəyyən etmək məqsədilə hazırlanıb.

Proqram “əl-Həyat”, CBC, “ən-Nas”, “Misr Qurani-Kərim” peyk kanallarında və “watch it” platformasında yayımlanır. Hər həftənin cümə və şənbə günləri saat 21:00-da efirə gedir.

4333630

Teqlər: qahirə ، universitet ، proqram ، qarilər
captcha