“İQNA”-nın “SANA”-ya istinadən verdiyi xəbərə görə, Məkkə Quran Muzeyi 9 fevralda “Mavi Quran”ın nadir bir nüsxəsini nümayiş etdirib. Bu nüsxə “Bəqərə” surəsinin 37-ci ayəsinin sonundan 42-ci ayənin əvvəlinə qədər olan ayələri əhatə edir.
Bu əlyazma Quran nüsxəsi İslam sivilizasiyası tarixində ən nadir və ən möhtəşəm əlyazma Qurani-Kərim nümunələrindən biri hesab olunur və İslamın zəngin Quran irsini və qədim bədii ənənələrini əks etdirir.
Mavi Quran təmiz qızıl mürəkkəblə, qədim kufi xətti ilə, tünd indiqo-mavi fon üzərində yazılıb və Qurani-Kərim xəttatlığının gözəlliyini əks etdirən özünəməxsus bədii üsluba malikdir.
Mavi Quranın tarixi hicri 3-cü əsrə (miladi 9-cu əsr) gedib çıxır və bu da ona yüksək elmi və tarixi dəyər qazandırır.

Bu Quran nüsxəsi həmçinin İslamın ilk əsrlərində ərəb xəttatlıq sənətinin və bədii tərtibatın inkişafına dair mühüm bir şahiddir.
Mavi Quranın mövcud səhifələri dünyada çox azdır və müxtəlif ölkələrin bir neçə muzey və qalereyasında pərakəndə şəkildə qorunur.
Bu əlyazmanın nümayişi Məkkə Quran Muzeyinin ziyarətçiləri Qurani-Kərimin tarixi və onun bədii inkişaf mərhələləri ilə tanış etmək, həmçinin nadir Quran əlyazmalarını görmək imkanı yaratmaq istiqamətindəki səylərinin bir hissəsidir. Bu təşəbbüs mədəni və intellektual maarifləndirməni artırır və muzey ziyarətçilərinin təcrübəsini daha da zənginləşdirir.
Bundan əvvəl Məkkənin Hira mədəniyyət məkanındakı Qurani-Kərim Muzeyi dünyanın ən böyük Quran nüsxəsini də sərgiləmişdi. Həmin Quranın ölçüləri 312 × 220 sm olub, 700 səhifədən ibarətdir.
4333683