IQNA

İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Forumunun şiddətli Bəyanatı:

Quran, Allahın düşmənlərinə dostluq etməyi qadağan etməmişdirmi?

14:23 - March 25, 2026
Xəbər sayı: 3500002
İQNA – İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Forumu, Müsəlmanların ən nüfuzlu elmi ocaqlarından biri olan Misirin Əl-Əzhər Universitetinin açıqlamalarını şiddətlə pislədi və onlardan Allahın ayələrinə əməl etməyi və tarixdə doğru tərəfdə durmağı tələb etdi.

“İQNA” xəbər agentliyinin İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Forumunun ictimaiyyətlə əlaqələrindən aldığı məlumata görə, bu forumun bəyanatının məzmunu aşağıdakı kimidir:

Bismillahir-Rahmənir-Rahim

İranın qonşularına hücumunu əl-Əzhərin pisləməsi xəbəri təəssüf və təəccüb doğurdu. Halbuki İran davamlı sülhə nail olmaq üçün danışıqlar masasında idi, lakin hiyləgər sionist düşmən tərəfindən namərdcəsinə hücuma məruz qaldı. Bir neçə saat ərzində bizim ali mürşidimiz, şəhid lider Seyid Əli Xamenei – qüdəsəllahu nəfsəhu-z-zəkiyyə – və bir sıra rəhbərlərimiz və hərbçilərimiz öz evlərində, ailə və günahsız övladlarının yanında olduqları halda şəhid edildilər. Əl-Əzhərdən gözlənti o idi ki, elə ilk andaca bu namərd hücumu pisləsin, lakin bir başsağlığı mesajı belə gəlmədi.

Məgər müsəlmanlara qarşı silah qaldırmış və bundan əvvəl 80 min fələstinlini – onların yarısından çoxu günahsız qadın və uşaqlar idi – qətlə yetirmiş kafirlərlə dostluq pislənməyə layiq deyildimi? Məgər Qurani-Kərim Allahın düşmənləri ilə dostluqdan çəkindirmir: 

«Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın; onlar bir-birinin dostlarıdır. Sizdən kim onları dost tutsa, o da onlardandır. Həqiqətən, Allah zalım tayfanı doğru yola yönəltməz.» (Maidə, 51)

Məgər əl-Əzhər Şərif “kafirlərə qarşı sərt” olmaq prinsipinə uyğun olaraq, Fars körfəzi ölkələrini sionist rejimin himayədarları ilə dostluğun Allahın razılığına uyğun bir iş olmadığını xatırladıb onları bu böyük xətadan çəkindirməli deyildimi? Məgər İslam düşməninin ərəb torpaqlarının arxasında gizlənərək bizə atəş açdığını görmürsünüz? Məgər biz oturub ərəb ölkələrində yerləşdirilmiş düşmən radarlarının bizə qarşı qeyri-bərabər müharibə aparmasına tamaşa etməliyik? Heyhat minnəz-zillə! (Zillət bizdən uzaqdır!)

Məgər həqiqətən də ağlımızı itirmişik ki, bu gün baş verən hücumu İranın hücumu hesab edirik və əsl təcavüzkarı kənara qoyuruq? Məgər fələstinlilərə əməli şəkildə köməyə çatan İran deyildimi və indi də həmin meydan dəstəyinin bədəlini ödəmir? Məgər siz unutdunuz ki, Qəzza müharibəsi zamanı ərəb hökmdarlarından heç biri İsrailə bir güllə belə atmadı? Məgər qonşularımızın öz torpaqlarını İslam dünyasının ortaq düşməninin himayədarlarının ixtiyarına verməyə haqqı var ki, onlar İran İslam Respublikasının öz torpağındakı hakimiyyətinə və rəhbərliyinə namərdcəsinə hücum etsinlər? Məgər qonşu dövlətlər öz torpaqlarındakı Amerika bazalarının fəaliyyətinə görə məsuliyyət daşımamalıdırlar? Məgər siz bu sionist hərəkətlərin arxasında İslam düşməninin əlini görmürsünüz?

Məgər artıq vaxtı deyilmi ki, əl-Əzhər Şərif min illik elmi irsindən faydalansın və Qurani-Kərimin ayələrinə istinad edərək qəsbkar sionist rejiminə qarşı cihad hökmünü yenidən diriltsin və ərəb hökmdarlarından tələb etsin ki, İslam ölkələrinin ittifaqını quraraq bu rejimin cinayətkar rəhbərlərinin tamahkarlığına və hegemonluğuna qarşı bir yumruq olsunlar? Məgər siz qəsbkar rejimə göstərilən açıq dünya imperializmi dəstəyini və onların bölgədəki əlaltılarının gizli yardımını görmürsünüz?

Əgər biz qonşularımızla düşmənçilik etmək istəsəydik, indi onların heç biri bir əmirlik şəklində mövcud olmazdı. Lakin bizim belə bir niyyətimiz olmayıb və yoxdur. Biz yalnız döyüşən kafirlərə qarşı silaha sarılmışıq. Biz müsəlmanları hədəf almamışıq və onları vahid ümmətin bir parçası hesab edirik. Ümmət daxilində dostluq, mərhəmət və təvazökarlığı öz vəzifəmiz bilirik – hətta qonşularımız mehriban olmasalar belə. Biz heç vaxt onlara qarşı silah qaldırmamışıq və qaldırmayacağıq. Biz heç vaxt hörmətli bir müsəlmanı hədəf almamışıq. Biz heç vaxt bir müsəlmanın hörmətini pozmamışıq. Biz heç vaxt müharibə meydanını genişləndirməmişik. Bu hiyləgər və müharibəcil sionist tayfanın bizə olan düşmənçiliyi bizi ədalət dairəsindən çıxara bilməz. Bilin ki, əgər indi ərəb dünyası və qonşular haqq tərəfə dönməz və zalımı dəstəkləsələr, bir gün bu zülm bölgə hökmdarlarının öz yaxasına yapışacaq və o zaman nə yardım edən olacaq, nə də bir sığınacaq.

Bilin ki, biz iranlılar tarix boyu möhkəm və dayanqlı bir millət olmuşuq; heç vaxt zülm və haqsızlıq qarşısında baş əyməmişik və əyməyəcəyik. Biz özümüzü müdafiə edirik. Bu müdafiəvi cihad İslam ümməti üçün iran–ərəb izzətini bərpa edir. Biz dostların yaralayıcı sözlərini də, düşmənin terrorlarını da sinəmizə çəkirik, lakin müqavimət və müqəddəs müdafiə cihadımızdan əl çəkmirik. Biz Allahın sevdiyi və Allahı sevən bir toplum olmağa hazırıq. İslam ümmətinin yanında dayanırıq, Allah yolunda İslam düşmənləri ilə mübarizə aparırıq və qınayanların qınamasından qorxmuruq. Bu, Allahın bir lütfüdür; onu istədiyinə verər və Allah geniş mərhəmət sahibidir, hər şeyi biləndir. (Maidə, 54)

Bilin ki, hiyləgər düşmən Qəzzada öz məqsədlərinə çata bilmədiyi üçün məğlubiyyətini ört-basdır etmək istədi və İslam İranına hücum etdi. Onun hücum vasitəsi də bölgədəki Amerika–sionist bazaları oldu ki, yeni bir fitnə alovlandırsın, bəlkə Qəzzadakı məğlubiyyətindən qurtulsun və ya onu gizlətsin.

Lakin bilmədi ki, biz burada canımız bahasına İslam ümmətinin yanında dayanmışıq, həqiqəti müdafiə edirik və dostlardan və qonşulardan olan gileyimizi Allaha aparacağıq ki, aramızda hökm versin; O, hökm edənlərin ən yaxşısıdır.

Biz əl-Əzhər Şərifə tövsiyə edirik ki, bu haqq və batil savaşında tarixin doğru tərəfində dursun və düşmənin təbliğatına qulaq asmasın; çünki düşmən sionist tarixinin acı hekayəsini – “parçala və hökm sür” – həyata keçirmək istəyir. Onlar bölgəni qarışdırmaq, aramızda ixtilaf və qarşıdurma yaratmaq niyyətindədirlər. Daha çox ayıq olaq, sözlərimizdə ehtiyatlı davranıb ölçülü danışaq və əgər haqqı deməyə maneələr varsa, heç olmasa batili danışmayaq və ya susaq.

Həmçinin tezliklə zalımlar hansı aqibətə düçar olacaqlarını biləcəklər.

İslam Məzhəblərini Yaxınlaşdırma üzrə Dünya Forumu

4342062

captcha