IQNA

Məkkəyə icazəsiz daxil olan zəvvarlara 20 min rial cərimə

7:59 - April 21, 2026
Xəbər sayı: 3500196
İQNA – Həcc mövsümünün yaxınlaşması ilə əlaqədar Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi elan edib ki, istənilən növ ziyarət vizasına malik şəxslər, əgər rəsmi icazə olmadan Məkkəyə və ya digər müqəddəs məkanlara daxil olsalar və ya orada qalsalar, 20 min rialadək (təxminən 5331 ABŞ dolları) cərimə olunacaqlar.

“İQNA”-nın “CNN”-ə istinadən verdiyi məlumata görə, Nazirlik xəbərdarlıq edib:

- Hər hansı ziyarət vizası ilə gələn və rəsmi icazə almadan Məkkə, Ərəfat, Mina və Məşərül-Həram kimi müqəddəs məkanlara daxil olmağa cəhd edən şəxslərə 20 min rialadək maliyyə cəzası tətbiq ediləcək.

Nazirliyin sözçüsü sosial şəbəkə “X”də yayımladığı videoda bildirib:

- Rəsmi Həcc icazəsi olmadan bu məkanlarda görünən şəxslərə qarşı cəzaların tətbiqi artıq başlayıb. 

- Bu qaydanı pozmağa şərait yaradan şəxslər də eyni şəkildə cəzalandırılacaq.

Bu xəbərdarlıqlarla eyni vaxtda Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi şənbə axşamı elan edib ki, ilk zəvvar qrupları hava, quru və dəniz sərhədlərindən ölkəyə daxil olublar.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin məlumatına görə:

- İndiyədək Pakistan, Türkiyə, Əfqanıstan, Malayziya, Hindistan, Banqladeş və Tailand da daxil olmaqla müxtəlif ölkələrdən təxminən 30 təyyarə Səudiyyə hava limanlarına enib.

Səudiyyəli rəsmilər vurğulayıblar ki:

- Zəvvarların hərəkətinin sürətli və təhlükəsiz şəkildə təmin olunması üçün bütün giriş prosedurları təşkilatlanmış və nizamlı şəkildə həyata keçirilir.

4347327

captcha