“İQNA”-nın “Times of Oman” qəzetinə istinadən verdiyi məlumata görə, “Quran və insan tərbiyəsi” adlı beynəlxalq konfrans dünən, aprelin 20-də, Oman paytaxtı Müsqətdə işə başlayıb.
İki gün davam edəcək bu konfransın məqsədi Qurani-Kərimin fərdlərin intellektual və əxlaqi inkişafındakı rolunu, eləcə də təlim, dəyərlər və kimlik əsasında insan yönümlü gələcəyin formalaşdırılmasındakı potensialını araşdırmaqdır.
Konfransda Oman sultanlığının daxilindən və xaricindən Qurani elmlər və İslam fiqhi üzrə mütəxəssislər iştirak edirlər. Tədbir Müsqətdəki Sultan Qabus Universitetində keçirilir.
Konfransın ilk günündə Oman müftisi Şeyx Əhməd bin Həməd əl-Xəlili çıxış edərək bildirib: “Tarixin ən böyük hadisəsi bu mübarək kitabın nazil olmasıdır; o, düşüncələri oyatdı və insanların həyat yolunu işıqlandırdı.”
O əlavə edib: “Qurani-Kərim, Allah-Təalanın buyurduğu kimi, ‘insanlar üçün hidayət, açıq-aşkar dəlil və haqqı batildən ayıran meyardır’. Allah buyurur: ‘Həqiqətən, bu Quran ən doğru və möhkəm yola yönəldir’ və buyurur: ‘Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan ayələr nazil edirik’.”
Müfti qeyd edib ki, Quran savadsız ərəblərə nazil oldu; onlar haqqdan ən uzaq və ən çox azmış xalqlardan idilər. Lakin bu kitab onları ümmətlər arasında misilsiz bir ümmətə çevirdi və digər xalqlar onlara tabe oldular.
O, müsəlmanları insanlıq üçün nümunə olmağa və Quranda dərin araşdırma apararaq hələ də pərdə arxasında qalan həqiqətləri üzə çıxarmağa çağırıb.
Bundan sonra Oman “İmam Cabir bin Zeyd” Vəqf Fondunun İdarə Heyətinin sədri Xəlil bin Əhməd əl-Xəlili çıxış edərək bildirib: “Bu konfransın məqsədi Quranın insan inkişafına və insanın Yaradanla əlaqəsinə təsirini göstərməkdir. Bu təsir insanı yer üzündə idarəçilik məsuliyyətinə layiq olmağa hazırlayır.”
O əlavə edib ki, bu məqsəd Allahın kitabı üzərində dərin düşünməyi tələb edir ki, Quran insanın şüurunda fəal iştirakçıya və qəlbində təsirli bir gücə çevrilsin və nəticədə insanın həyat və son taleyi barədə anlayışını kamilləşdirsin.
Xəlil əl-Xəlili vurğulayıb: “Quranın nuru ruha düşdükdə davranış düzəlir, quruculuq və inkişaf çiçəklənir, hidayət gerçəkləşir. Qəlblərdən pərdələr qalxdıqda Quranın təsiri insan ruhunda aydın görünür.”
O bildirib ki, bəşəriyyət bu gün ilahi vəhydən uzaq düşüncə axınları arasında çaşqınlıq və qarışıqlıq içində yaşayır. Şübhəsiz ki, bu qarışıq vəziyyətdən çıxış yolu Quranın kompasına qayıtmaqdır; bu kompas ruh və bədən arasında tarazlıq yaradır, insan ləyaqətini qoruyur və ümməti gücləndirir.
Konfransın əsas iclasında “Quran və insan tərbiyəsi” mövzusu müzakirə olunub və Qurani-Kərimin insan düşüncəsinin formalaşmasında və elm ilə dəyərlər arasında münasibətin tənzimlənməsində ali mənbə olduğu vurğulanıb. Natiqlər müsəlmanları Quranın imkanlarından istifadə edərək İslami baxışların birləşdirilməsi və fikri ixtilafların aradan qaldırılması üçün yenidən düşünməyə çağırıblar.
Müzakirələr hadisələrin realist dərk edilməsi ilə əxlaqi prinsiplərə bağlılıq arasında tarazlığın yaradılmasının əhəmiyyətinə, həmçinin elmlə imanı birləşdirən Qurani çərçivədə ağlın yenidən fəallaşdırılmasına yönəlib. Bu isə cəmiyyətin inkişafında rol oynaya biləcək balanslı fərdi inkişafı təmin edir.
Konfransın ilk günündə, “İmam Cabir bin Zeyd” Vəqf Fondunun təşkilatçılığı ilə, beş elmi məqalə təqdim olunub və natiqlər Qurani-Kərimi insan inkişafı və bəşəri sivilizasiyanın əsas mənbəyi kimi təhlil ediblər.
4347743