IQNA

Malayziyada Milli Quran Hifzi Şurası təsis ediləcək

18:43 - May 06, 2026
Xəbər sayı: 3500287
İQNA – Malayziyada 2026-cı il “Vətən Övladları” təhsil konfransının iştirakçılarının təklifi əsasında Milli Quran Hifzi Şurası təsis olunacaq.

“İQNA”-nın “Malayziya xəbər agentliyin”-ə istinadən verdiyi xəbərə görə, “Vətən Övladları” 2026 təhsil konfransının iştirakçıları 1 may, cümə günü Qurani-Kərimin hifzi üzrə Milli Şuranın yaradılması təklifini irəli sürüblər. Bu təklif 16 may çərşənbə günü keçirilməsi planlaşdırılan iclasda müzakirə və təsdiq üçün Malayziya Nazirlər Kabinetinə təqdim ediləcək.

Malayziyanın baş nazirinin birinci müavini Əhməd Zahid Hamidi bildirib ki, bu təşəbbüs Qurani-Kərimin hifzi üzrə təhsilin milli təhsil sistemi çərçivəsində mövqeyini gücləndirmək və biliklə əxlaqı birləşdirən humanitar inkişafı təmin etmək məqsədi daşıyır.

O, Kuala Lumpur Dünya Ticarət Mərkəzində keçirilən konfransın açılış mərasimində çıxış edərək əlavə edib: “Hədəfimiz yalnız Quranı əzbərləyən məzunlar yetişdirmək deyil; onlar gələcəkdə mühəndis, həkim, texnologiya mütəxəssisi, tacir və cəmiyyətin liderləri olacaqlar.”

Konfrans 5 mindən çox akademik fəaliyyət göstərən şəxs və tələbənin iştirakı ilə, həmçinin Malayziya “Amanah” Partiyasının 80 illik yubileyi ilə eyni vaxtda keçirilib.

Bu partiyanın sədri olan Əhməd Zahid Qurani-Kərimin hifzi üzrə təhsilin milli prioritet kimi diqqət mərkəzində saxlanmasının vacibliyini vurğulayıb və bildirib ki, bu sahədə təhsil yalnız uşaqlar üçün nəzərdə tutulan ilkin hifz proqramları, MARA Təbii Elmlər Mərkəzinin (MRSM) “Ulul Albab” proqramı və hifz sahəsində texniki-peşə təlimi ilə məhdudlaşmamalıdır.

O, çıxışının sonunda dövlət və özəl təhsil müəssisələri arasında koordinasiyanın əhəmiyyətini, eləcə də hifz təhsilinin sistemli şəkildə təqdim edilməsinin daha geniş məşğulluq imkanlarını təmin edəcəyini vurğulayıb.

4349968

Teqlər: malaziya ، quran ، hifz ، şura
captcha