IQNA

Görkəmli İran filmləri Quran anlayışlarını özündə ehtiva edir

10:28 - June 07, 2026
Xəbər sayı: 3500491
İQNA – İranın İndoneziyadakı mədəniyyət attaşesi bildirib ki, bir çox görkəmli İran filmlərində dolayısı ilə və ya birbaşa dini anlayışlardan və Quran dəlillərindən istifadə olunub.

“İQNA”-nın İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, Açe əyalətində «Müharibə Tanrısı» (Xodaye-Cəng) adlı İran filminin geniş maraqla qarşılanmasından sonra, bu dəfə həmin kinematoqrafik əsər Sumatra adasında yerləşən Cambi şəhərində maraqlı şəxslər, tələbələr və mədəniyyət fəalları tərəfindən böyük maraqla qarşılanıb.

Bu tədbir ötən gün, iyunun 2-də «Çahaya Limo Pusako» fondunun təşəbbüsü və Tehok bölgəsindəki «Puri Brinqin» kompleksinin ev sahibliyi ilə keçirilib. İştirakçılar filmi izləməklə yanaşı, keçirilən görüşdə filmin məzmunu ilə bağlı fikir mübadiləsi aparıblar.

«Müharibə Tanrısı» İranın İraqa qarşı müqəddəs müdafiə illərində (İran-İraq müharibəsi) müasir tarixinin ən mühüm mərhələlərindən bəhs edir və sənədli bir baxışla şəhid Tehranimüqəddəmin ölkənin raket gücünün artırılmasındakı səylərini və fədakarlıqlarını əks etdirir.

Bu əsər tarixi və dramatik bir baxışla İran İslam Respublikasının müdafiə qabiliyyətinin formalaşma prosesini təsvir edir.

İranın İndoneziyadakı mədəniyyət attaşesi Yəhya Cahangiri bu tədbirdə deyib: "İranın mədəni və bədii nailiyyətlərini təqdim etmək çərçivəsində İranın görkəmli kino əsərlərinin İndoneziyanın müxtəlif şəhərlərində nümayişi proqramı davam etdirilir və Quran anlayışlarının cəlbedici kino görüntüləri ilə birləşdirilməsi sayəsində bu günə qədər yerli cəmiyyət tərəfindən çox yaxşı qarşılanıb".

«Pusako» mədəniyyət fondunun icraçı direktorunun şəhərin mərkəzlərini fars dilli kino məhsulları və yazıları ilə doldurmaq barədə müraciətinə toxunan Cahangiri bildirib: "İran mədəniyyəti şeir və miniatür kimi bariz nümunələri ilə millətlər arasında möhkəm körpü yaradıb ki, bu da tarixin müxtəlif dövrlərində və zamanın çətinliklərində hər cür zərərdən uzaq olub. «Müharibə Tanrısı» filminin Cambi kimi İndoneziya şəhərlərində qarşılanması bunun bariz sübutudur".

O əlavə edib: "Son illərdə mən İndoneziyaya dəfələrlə səfərlər etmişəm, lakin Açedə olmaq imkanım olmamışdı. Şadam ki, bu gün görkəmli bir İran filminin nümayişi bəhanəsi ilə bu, müstəmləkəçiliyə qarşı mübarizə aparan bölgədəyəm. İranla 10 saatlıq uçuş məsafəsində olmasına baxmayaraq, buranın xalqı İranı yaxşı tanıyır və xalqına çox sevgi bəsləyir".

Cahangiri xatırladıb: "Sumatra arxipelaqının şimalında yerləşən Açe şəhərində dərin İslam inancları və bölgənin yerli toxuması səbəbilə Qərbin əxlaqsız kinolarının yayılmasına icazə verilmir. Məhz buna görə də, İranın əxlaqi, eyni zamanda formal və cəlbedici kino əsərləri bu coğrafiyada yaşayan insanlar üçün uzun müddətdir ki, xüsusi yer tutur".

O vurğulayıb: "«Müharibə Tanrısı»nın biletlərinin satışa çıxarıldıqdan qısa müddət sonra tamamilə tükənməsi bu reallığı təsdiqləyir. Onlar film izləyərkən yalnız dram və hekayə axtarmırlar; dini yaxınlıq və iki ölkə arasındakı çoxsaylı mədəni ortaq cəhətlərə görə, onlar filmin çərçivəsində iranlı sənətkarların reallıqlara olan baxışlarını və şərhlərini izləyirlər. Əgər dünyanın ən çox əhalisi olan İslam ölkəsində «Müharibə Tanrısı»nın nümayişinə üç gün qalmış İranın raket atasının həyatından bəhs edən bu əsərin bütün biletləri satılırsa, deməli, onlar İranın qlobal müstəmləkəçilərlə mübarizədə qələbəsinin sirrini bu kadrların içində axtarırlar".

Tədbirin sonunda Açe İnvestisiya Ofisinin direktoru Rəhmdani, İndoneziya İslam Universitetinin müəllimi Sanusi, mədəniyyət fəalı və qadın hüquqları müdafiəçisi Nəbilə və İndoneziyalı kinorejissor Səidnüs İran kinosunun cərəyan yaradan xüsusiyyətləri haqqında öz fikirlərini bölüşüblər.

4355965

captcha