"İQNA", "Sədyul-Bələd"ə istinadən xəbər verir ki, 15 iyun 1945-ci ildə Qalyubiyyə əyalətinin Xanqə rayonunun Qələc kəndində dünyaya gələn Şeyx İsmayıl Hilmi Hicab, həm Misir daxilində, həm də xaricdə Qurani-Kərimə xidmət yolunda uzun və parlaq bir miras qoyub getmişdir.
Şeyx İsmayıl Hilmi Hicab orta təbəqəli bir ailədə böyümüş, Quranı erkən yaşlarında Şeyx Mahmud Amerin yanında əzbərləməyə başlamış və 9 yaşında Şeyx Əbdülhəmid Sultanın nəzarəti altında tamamlamışdır. O, təcvid elmlərini və Quranın müxtəlif qiraətlərini ustad Tofiq əs-Surucidən öyrənmiş, babası isə onun Quranı əzbərləməsində və bu yolda həvəsləndirilməsində mühüm rol oynamışdır.
Bu misirli qarinin istedadı uşaq yaşlarında özünü göstərmiş və Şubra Quran Qiraəti Mərkəzindən təcvid sertifikatı aldıqdan sonra onun şöhrəti öz kəndi və ətraf kəndlərdə yayılmışdır.
O, xoş avazı və ustadı tilavəti ilə Quran məclislərində və dini tədbirlərdə iştirak edir, bu da onun çox tez bir zamanda tanınmasına səbəb olurdu.
İsmayıl Hilmi Hicab Vəqflər Nazirliyinin ramazan gecələrini şərəfləndirmək üçün bir sıra ərəb, İslam və qeyri-İslam ölkələrində təşkil etdiyi missiyalarda iştirak edib. O, ABŞ, Danimarka, Finlandiya, İspaniya, Hollandiya, Nigeriya, Zambiya və digər ölkələrdə Qurani-Kərimi tilavət etmiş, İslandiyada Quran tilavət edən ilk qarilərdən olmuşdur ki, bu da Quran qiraətinin gözəlliklərinin qeyri-ərəb dillilərə çatdırılmasına kömək etmişdir.
O, təvazökarlığı, qənaətcilliyi və Qurani-Kərimə xidmətdəki səmimiyyəti ilə tanınırdı. Quran qariləri və dinləyiciləri arasında "qane və razı qari" kimi məşhurlaşmışdı ki, bu da onun zöhdünün və ilahi iradəyə qarşı razılığının göstəricisi idi.
Şeyx İsmayıl Hilmi Hicab 1987-ci ildə rəsmi olaraq Misir radio və televiziyasında qari kimi təyin edilmiş və onun tilavətləri Misir efirini xüşu ilə zənginləşdirən digər qarilərin səsləri ilə yanaşı lentə alınmışdır.
4358643