Kərbəla Beynəlxalq Quran Müsabiqəsinin 5-ci dövrünün " təhqiq qiraəti" sahəsi üzrə ikincisi Seyid Ümid Hüseyninejad İQNA-nın müxbiri ilə söhbətində bu müsabiqənin keyfiyyətinə toxunaraq deyib: "Bu müsabiqə artıq beşinci dövrünə çatıb və tədricən beynəlxalq səviyyədə tanınan nüfuzlu Quran yarışlarından birinə çevrilir. Ötən dövrlərdə də görkəmli qarilər iştirak ediblər, bu dövrdə də çox yüksək səviyyəli və peşəkar qarilərin şahidi olduq."
O, bu yarışların qiraət sahəsində iştirakçıların yüksək səviyyəsinə işarə edərək əlavə edib: "İmam Hüseyn (ə) hərəminin qarisi və bu dövrün üçüncüsü Abdullah Züheyri kimi iştirakçılar çox bacarıqlı və öz üslubuna sahib qarilərdir. Həmçinin Əfqanıstanın nümayəndəsi və İranın digər nümayəndəsi Yusif Cəfərzadə çox yüksək texniki səviyyəyə malik idilər və rəqabət peşəkar bir mühitdə keçdi."
Hüseyninejad münsiflər heyəti haqqında deyib: "Bu dövrün münsifləri İslam dünyasının görkəmli simaları idilər; Ustad Təlal, Ustad Taruti və Ustad Yəhya Səhhaf kimi hər birinin nüfuzlu beynəlxalq müsabiqələrdə münsiflik təcrübəsi olan şəxslər. Bu baxımdan yarışın elmi və texniki səviyyəsi çox yüksək idi."
Hüseyninejad vurğulayıb: "İmam Hüseynin (ə) hərəmində Quran tilavət etməyin qari üzərində çox dərin mənəvi təsiri olur. Məncə, bu məkan Quran müsabiqəsi üçün təsəvvür edilə biləcək ən yaxşı və təsirli yerlərdən biridir və bəlkə də bundan daha yaxşısı mümkün deyildi."
İran karvanının uğur səbəbi haqqında Hüseyninejad bildirib: "İranlı qarilər adətən beynəlxalq müsabiqələrə qatılmazdan əvvəl yerli yarışların müxtəlif mərhələlərindən keçərək lazımi püxtəliyə çatırlar. Buna görə də onlar beynəlxalq səviyyədə daim əsas iddialı tərəfdirlər və bu məsələ yarışların münsifləri və təşkilatçıları üçün də məlumdur."
Ölkəmizin bu beynəlxalq qarisi sonda müsabiqənin kuluarlarında bölgədəki proseslərin əks-sədasına toxunaraq deyib: "Müxtəlif ölkələrdən, xüsusən də Livan və bəzi Afrika ölkələrindən olan iştirakçılar İslam Respublikasının bölgənin məzlum xalqlarına dəstəyindən danışır və bu yanaşmanı məmnunluqla qarşılayırdılar. Hətta bəzi iştirakçılar iranlıları görəndə İranın gücü və qüdrətindən bəhs edir, maraqlı ifadələr işlədirdilər."
4358162