“İQNA”-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Kanada Milli Müsəlmanlar Şurası (NCCM), orta məktəbin məzuniyyət mərasimində bir şagirdin boynundan fələstin şərfinin zorla çıxarılması hadisəsini "fələstinlilərə qarşı nifrət və irqçiliyin ən aydın nümunəsi" kimi qiymətləndirib.
Kanada Milli Müsəlmanlar Şurası "X" platformasında yayımladığı bəyanatda bu hadisəni izləməyin "dərin narahatlıq doğurduğunu" bildirib.
Bəyanatın bir hissəsində deyilir: "Son illərdə Fələstin mədəniyyətinin və ya kimliyinin hər hansı bir ifadəsi, xüsusən də universitetlərdə və məzuniyyət mərasimlərində elə qarşılanır ki, sanki bu, terrorizm və zorakılıqla əlaqəlidir."
Bəyanatın davamında qeyd olunur: "Bu hadisə fələstinlilərə qarşı irqçiliyin ən aydın nümunəsidir və Kanadadakı bütün qurumlar bununla məşğul olmalı, məsuliyyət daşıyanları cavabdeh tutmalıdırlar."
Bu yaxınlarda sosial şəbəkələrdə yayılan videolarda Kanadanın Saskatun şəhərindəki "Centennial Collegiate" orta məktəbində şagirdin boynunda Fələstin şərfi ilə diplomunu almaq üçün səhnəyə çıxdığı, diplomu təqdim edən müəllimin isə şərfi onun boynundan zorla çıxardığı görünür.
Videoda şagirdin diplomu aldıqdan sonra bir anlıq şoka düşdüyü və daha sonra şərfini yenidən taxdığı görünür.
Ağ-qara naxışları ilə Fələstin şərfi Fələstin amalının simvoludur. Bu şərfi adətən Fələstin kimliyinin simvolu olaraq boyuna və ya başa taxırlar. Təxminən bir əsrdir ki, bu şərf fələstinlilərin öz torpaqlarına olan bağlılığının və adət-ənənələrini qoruyub saxlamalarının bir vəsiyyəti kimi qalmaqdadır.
Fələstin şərfinin sərhədləri yoxdur; o, həm sürgündə və ölkə xaricində yaşayan fələstinlilər, həm də bütün dünyada Fələstin amalı uğrunda mübarizə aparan tərəfdarlar tərəfindən istifadə olunur və bu şərfi taxmaq Fələstin davası ilə həmrəyliyin və dəstəyin bir simvoluna çevrilib.
4361622