“İQNA”, "Əl-Məyadin"ə istinadən xəbər verir ki, İraqın "Hikmət" Milli Cərəyanının lideri Seyid Əmmar Həkim bu media qurumu ilə söhbətində Bağdad-Tehran əlaqələrinə toxunaraq deyib: "İraq və İran arasındakı əlaqələr tarixi, dərin və çoxşaxəli əlaqələrdir. Hamı istəyir ki, İraq müstəqil, tam suverenliyə malik və müstəqil qərar qəbul edən bir ölkə olsun".
O əlavə edib: "İran İslam Respublikasından və onun rəhbərlərindən heç vaxt eşitməmişəm ki, İraqın onlara tabe olmasını və ya İraqın daxili işlərinə qarışmağı istəsinlər. İrandan və onun rəhbərlərindən eşitdiyim odur ki, onlar müstəqil, suverenliyə malik və müstəqil qərarlar qəbul edən bir İraq istəyirlər".
Seyid Əmmar Həkim İran İslam İnqilabının rəhbərinin şəhadətinə işarə edərək bildirib: "İraq xalqı Seyid Əli Xameneinin şəhadəti, onun məzlumiyyəti və şəhadətinə səbəb olan terrorçu və gözlənilməz aktla bağlı geniş həmrəylik nümayiş etdirib".
İraqın "Hikmət" Milli Cərəyanının lideri sözlərinə belə davam edib: "İraq xalqı bu dəfn mərasimində İran xalqı ilə, onların məzlumiyyəti və şəhid imamla həmrəy olduğunu bəyan edir". O, İraq xalqını Ayətullah Xameneinin dəfn mərasiminə qoşulmağa və geniş iştirakla iki xalq arasındakı həmrəylik mesajını çatdırmağa çağırıb.
Seyid Əmmar Həkim silahın yalnız dövlətin əlində cəmləşməsinin zəruriliyini vurğulayaraq bildirib ki, bu proses heç bir halda "Həşdi-Şəbi"nin zəiflədilməsi və ya ləğvi demək deyil.
O deyib: "Silahların dövlətə təhvil verilməsi İraq Konstitusiyasında təsbit edilib, ali dini mərcəiyyət də bunu vurğulayıb; həmçinin bu məsələ İraq hökumətlərinin proqramlarında da yer alıb".
İraqın "Hikmət" Milli Cərəyanının lideri bildirib: "Həşdi-Şəbi-nin strukturu yenidən qurulmalı və nizamlanmalıdır ki, o, daha həmahəng, daha nizamlı və daha güclü bir hərbi qüvvəyə çevrilsin".
O, sözlərini belə davam etdirib: "İŞİD-lə mübarizə mərhələsini adladıqdan sonra Həşdi-Şəbi-nin heç bir siyasi cərəyan və partiyaya bağlı olmayan bir hərbi quruma çevrilməsi məqsədəuyğundur".
Həkim vurğulayıb: "Həşdi-Şəbi İraqın müdafiə sisteminin əsas sütunlarından biridir; ordunun öz vəzifələri, federal polisin öz öhdəlikləri var, Xalq Səfərbərlik Qüvvələrinin (Həşdi-Şəbi) də özünəməxsus xüsusi vəzifələri var".
O deyib: "Silahların dövlətin əlində cəmləşməsi Həşdi-Şəbi institutuna daha çox dəstək verilməsi, onun düzgün şəkildə qurumsallaşdırılması və təşkilati strukturlarına yenidən baxılması ilə paralel aparılmalıdır".
4362778