IQNA

Nəcəf və Kərbəlada şəhid liderin əzadarları üçün 751 xidmət məntəqəsinin təşkili

17:15 - July 07, 2026
Xəbər sayı: 3500705
İQNA – İran İslam İnqilabının şəhid lideri Həzrət Ayətullahul-üzma Seyid Əli Xameneinin (r.ə) dəfn mərasiminin təşkili üzrə İraqdakı Ali Komitə elan edib: İslam ümmətinin "şəhid rəhbəri"nin cənazəsinin Nəcəfi-Əşrəfdə rəsmi qarşılanması və Kərbəlayi-Müəllada xalq yürüşü ilə dəfn edilməsi üçün lazımi hazırlıqlar, tədarüklər və koordinasiya işləri başa çatıb.

İran İslam İnqilabının şəhid liderinin mübarək cənazəsinin dəfn mərasiminin təşkili üzrə Ali Komitənin sözçüsü general-mayor Səd Mən bu barədə deyib: İslam ümməti liderinin cənazəsinin qarşılanma mərasimi çərşənbə axşamı Nəcəfi-Əşrəf hava limanında rəsmi şəxslərin və İran İslam Respublikasının yüksək səviyyəli nümayəndə heyətinin iştirakı ilə keçiriləcək.

Səd Mən əlavə edib ki, Kərbəlayi-Müəlladakı xalq dəfn mərasimi isə çərşənbə günü saat 16:00-da başlayacaq.

O, Nəcəfi-Əşrəf və Kərbəlayi-Müəlla şəhərlərində qarşılanma və dəfn mərasimlərinin keçirilməsi üçün bütün tədarük və koordinasiya işlərinin yekunlaşdığını bildirib.

İran İslam İnqilabının şəhid liderinin mübarək cənazəsinin dəfn mərasiminin təşkili üzrə Komitənin sözçüsü təhlükəsizlik tədbirlərinə toxunaraq əlavə edib: Tərtib edilmiş təhlükəsizlik planlarına nəzarət etmək üçün bütün təhlükəsizlik bölmələri və ordunun hava qüvvələrinin iştirakı ilə fasiləsiz iclaslar keçirilir.

General-mayor Mən həmçinin vurğulayıb ki, təhlükəsizlik qaydalarına əsasən, mərasimin keçirildiyi ərazidə kvadrokopterlər də daxil olmaqla, hər hansı uçan aparatın uçuşu qadağandır və yalnız rəsmi icazəsi olanlar fəaliyyət göstərə bilərlər.

Mərasimin təşkili üzrə Ali Komitənin mətbuat xidmətinin məlumatına görə, Nəcəfi-Əşrəfdə dəfn yürüşünün marşrutu "Mücəssərat əs-Sədrin"dən Həzrət Əmirəlmöminin (ə) ziyarətgahınadək 6 kilometr, Kərbəlayi-Müəlladakı dəfn marşrutu isə 5,8 kilometr məsafəni əhatə edir.

O, geniş media işıqlandırılmasına və ziyarətçilərə göstərilən xidmətlərə işarə edərək deyib: "İraq, ərəb və beynəlxalq mediadan 3 mindən çox jurnalist bu hadisənin işıqlandırılmasını həyata keçirir. Həmçinin 2500 kamera və 23 canlı yayım mərkəzi bu tarixi mərasimin bütün detallarını anbaan yayımlayacaq".

İraqın rəsmi şəxsinin verdiyi məlumata görə, rifah və tibbi xidmətlər sahəsində də geniş tədbirlər görülüb və matəm saxlayanlara xidmət göstərmək üçün Nəcəfi-Əşrəfdə 351, Kərbəlayi-Müəllada isə 400-dən çox Hüseyni mokibi (xidmət məntəqəsi) təşkil edilib.

General-mayor Səd Mən qeyd edib ki, mərasimin sağlamlıq planının icrası çərçivəsində Nəcəf və Kərbəladakı dəfn yürüşü marşrutlarında 150 təcili yardım maşını yerləşdiriləcək.

4362714

Teqlər: nəcəf ، kərbəla ، İraq ، şəhid ، rəhbər
captcha