“İQNA”, Səudiyyə Ərəbistanı İnformasiya Agentliyinə istinadən xəbər verilir ki, “İman dənizi” bölməsinin konsepsiyası dəniz və okean yolu ilə Məkkə və Mədinəyə üz tutan, “Ləbbəyk Allahummə ləbbəyk” (Buyur, Allahım, buyur) sədaları ilə səyahət edən zəvvarlardan ilhamlanıb. Bu, Qırmızı dənizin iman karvanlarının tarixi keçidi və İslam xalqları ilə müxtəlif mədəniyyətlər və ölkələr arasında körpü kimi rolunu nümayiş etdirir.
Bu bölmə müxtəlif tarixi dövrlərə aid qızılı naxışlarla bəzədilmiş Quranları özündə cəmləşdirir; bunlara XVII əsrə aid Çin nüsxələri, XIX əsrə aid Kəşmir nüsxələri və kiçik ölçülü Osmanlı Quranı daxildir.
Bütün bu əsərlər zərif qızılı naxışları, gözəl xəttatlıq sənəti və qiymətli üzlükləri ilə İslam tarixi boyu Quran kitabəti sənətinin çiçəklənməsini nümayiş etdirir.
Həmçinin dini əsərlər və əlyazmalar kolleksiyası, Peyğəmbərimizin (s) həyatına dair əsərlər, ona həsr olunmuş mədhiyyələr və Hərəmeyni-Şərifeynin (Məkkə və Mədinənin) mənzərələrini əks etdirən 1506-cı il tarixli əlyazma da bu bölmədə nümayiş olunur.
Bu əlyazma həcc səfərləri ilə bağlı ən görkəmli İslam əsərlərindən biri hesab olunur.
“İman dənizi” bölməsi Qırmızı Dəniz Muzeyinin ziyarətçilərinin mədəni təcrübəsini zənginləşdirir. O, Qurani-Kərimə göstərilən diqqətin tarixini, xəttatlıq, təzhib (naxış) və cildləmə sənətlərinin təkamülünü nümayiş etdirməklə, Qırmızı dəniz yolu ilə vəhy diyarına üz tutan milyonlarla zəvvarın mənəvi və insani səyahətinin bir hissəsini sənədləşdirir. Bu səyahət Qırmızı dənizi Hərəmeyni-Şərifeynə aparan ən mühüm tarixi marşrutlardan birində iman və mirasın birliyinin canlı şahidinə çevirir.
4361959