IQNA

Nüəynə: "Ləyaqət və ustalıq" Misir radiosunda qari kimi qəbul olunmağın meyarıdır

13:09 - July 13, 2026
Xəbər sayı: 3500753
İQNA – Misirli həkim və qari Əhməd Nüəynə Misir radiosunda qari seçim meyarlarına toxunaraq bildirib: "Seçim komitələrində heç bir ayrı-seçkilik yoxdur və qəbul üçün yeganə meyar ləyaqət və texniki ustalıqdır."

“İQNA”-nın "əl-Misri əl-Yəvm"-ə istinadən verdiyi məlumata görə, görkəmli Quran qarisi və Misirin qariyyə şeyxi Şeyx Əhməd Nüəynə Misir radiosu üçün qarilərin seçilmə mexanizmini izah edərək vurğulayıb ki, seçim komitələrində heç bir torpil və ya ayrı-seçkilik baş vermir; əksinə, qəbul üçün yeganə meyar ləyaqət və texniki ustalıqdır ki, bununla da Misirin Quran tilavəti sahəsindəki tarixi mövqeyi və liderliyi qorunsun.

Nüəynə "Şəms" peyk kanalının "Vətəndaş və Məsuliyyət" proqramının aparıcısı Nafi ət-Təras ilə söhbətində bildirib ki, hər bir Quran istedadı üçün düzgün yol müqəddəs Quranı tam əzbərləməkdən və təcvid qaydalarına yiyələnməkdən başlayır, daha sonra isə çox sərt standartlara malik olan Quran radiosunun giriş imtahanlarında iştirak etməklə davam edir.

O, izah edib ki, imtahan komitəsinin məqsədi sadəcə gözəl səs tapmaq deyil, onlar hərtərəfli Quran şəxsiyyətinə malik qari axtarırlar; elə bir şəxsiyyət ki, canlı tilavət zamanı tarazlı ifa qabiliyyətinə, uzun nəfəsə, sakitliyini qorumaq və ustalığa malik olsun.

Nüəynə bildirib: "Biz sadəcə yaxşı səsi olan birini deyil, tilavət meydanında güclü və rəqibsiz (bir buldozer kimi) bir qari axtarırıq."

O, əlavə edib ki, imtahan mərhələləri səsin keyfiyyətinin qiymətləndirilməsi ilə başlayır və ardınca Quranın əzbərlənməsi imtahanı keçirilir; burada namizədə 30 sual (Quranın hər cüzündən bir sual) verilir. Nəhayət, şəxsin radio yayımı üçün uyğunluğunu yoxlamaq məqsədilə səs yazma imtahanı keçirilir.

Misirli həkim qari vurğulayıb ki, bu imtahanlar çox sərtdir, çünki komitə namizədləri Misirin orijinal tilavət məktəbinin meyarları ilə ölçür; bu elə bir məktəbdir ki, Şeyx Məhəmməd Rifat, Mustafa İsmayıl və Əbdülbasit Əbdüssəməd kimi böyükləri dünyaya təqdim edib.

O, həmçinin deyib: "Son bir neçə il ərzində heç bir yeni qari səlahiyyət almayıb, çünki müraciət edənlər lazımi balı toplaya bilməyiblər."

O, xatırladıb ki, müraciətlərin qəbulu il boyu açıqdır və qəbul üçün müəyyən bir kvota yoxdur; müəyyənedici amil qariyə Quran missiyasını daşımaq səlahiyyəti verən həqiqi ləyaqətdir.

Əhməd Nüəynə həmçinin uşaqlıq xatirələrini bölüşərək izah edib ki, babası onu üç yaşında məktəbə (Quran məktəbinə) göndərib; o, rəsmi təhsil sisteminə daxil olmazdan əvvəl oxumağı və yazmağı orada öyrənib.

O, həmin dövrdən maraqlı bir xatirə danışaraq bildirib ki, bir dəfə uşaqlıq məsumluğu ilə "əfvəcən" (qruplar və ya kütlələr mənasında) sözünü yanlışlıqla "əxvəcən" kimi tələffüz edib və Quran müəllimi bu səhvi istehza hesab edərək onu cəzalandırıb.

Nüəynə vurğulayıb ki, belə bir nizam-intizam və qətiyyət məktəblərin təhsil üsulunun bir hissəsi idi və görkəmli bir nəslin yetişməsində mühüm rol oynayırdı.

4363769

Teqlər: nuəynə ، misir ، quran radiosu ، meyar
captcha