“İQNA”-nın "Əxbar əş-Şiə"yə istinadla verdiyi məlumata görə, Lids Universitetinin post-müstəmləkəçilik düşüncəsi və sosial nəzəriyyə ustadı Salman Seyid İslamofobiyanın artan təhlükələri barədə xəbərdarlıq edib. O, vurğulayıb: "Bu fenomen artıq sadəcə fərdi nifrət və ya qərəz ifadəsi deyil, irqçi çalarlara malik siyasi və institusional bir layihəyə çevrilib. Bu yanaşmaya görə, əgər bu məsələyə kollektiv və sistemli şəkildə qarşı durulmazsa, nəticə soyqırıma qədər gedib çıxa bilər".
Seyid çıxışında qeyd edib: "İslamofobiya müsəlmanların dini kimliklərini ifadə etmək və ictimai sahədə iştirak etmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Bu fenomen gündəlik ayrı-seçkilikdən və fərdi hücumlardan tutmuş institusional siyasətlərə qədər geniş bir miqyası əhatə edir. İslamofobiyanı təcrid olunmuş hadisələrə endirmək onun daha geniş siyasi və ideoloji mahiyyətini gizlədir".
O əlavə edib: "İslamofobiya mütləq şəkildə nifrət dolu şəxsi hisslərlə bağlı deyil; o, siyasətlər və ya əməliyyat mexanizmləri nəticəsində şəxslər tərəfindən tətbiq olunan institusional təcrübələrdə də özünü göstərə bilər".
İngiltərədəki universitet ustadı Bosniya, Çeçenistan, Şərqi Türküstan, Kəşmir və Arakan müsəlmanlarının təcrübələrinə işarə edərək bildirib: "Müasir tarix bu məntiqin faciəvi nəticələrinin nümunələri ilə doludur".
O, Fələstin mübarizəsini müstəmləkəçiliyə və ayrı-seçkiliyə qarşı müqavimətin qlobal rəmzi adlandıraraq qeyd edib: "Fələstinliləri qeyri-insani kimi təqdim edən diskurs müasir İslamofobiyanın təzahürlərindən biridir".
Seyid vurğulayıb: "Bu fenomenlə mübarizə dinlərarası dialoq və ya İslamın tanıdılması ilə məhdudlaşa bilməz; bu, etnik millətçiliyin yüksəlişi ilə əlaqəli bir irqçilik forması kimi qəbul edilməlidir".
Ustad bu vəziyyətlə mübarizə üçün strukturlaşdırılmış siyasi və sosial reaksiyanın verilməsini, habelə hüquq və azadlıqları müdafiə etməyə qadir olan vətəndaş cəmiyyəti şəbəkələrinin yaradılmasını tələb edib.
İslamofobiya ilə mübarizənin ədalət və insan hüquqları dəyərlərinin müdafiəsi ilə də bağlı olduğunu deyən ustad sonda vurğulayıb: "Kollektiv fəaliyyət və cəmiyyətin təşkilatlanması ayrı-seçkiliyə qarşı durmağın və müsəlmanlara qarşı nifrət nitqi qarşısında cəmiyyətlərin plüralizmi və birgəyaşayışı qorumaq qabiliyyətini artırmağın ən təsirli yoludur".
4363682