IQNA

Yəməndə yeni Quran Akademiyası açıldı

14:22 - July 14, 2026
Xəbər sayı: 3500760
İQNA – Yəmənin Bəydə vilayətinin Rəda şəhərində bazar günü, iyulun 11-də Ali Quran Akademiyası və dini elmlər məktəbi fəaliyyətə başlayıb.

“İQNA”-nın "Əs-Sovra Net"ə istinadla verdiyi məlumata görə, Yəmən Quran-Kərim fakültəsinin filialı hesab olunan bu akademiya və dini məktəb Rədanın Vələd-Rəbi bölməsində yerləşən "Əmmar ibn Yasir" məscidində təsis edilib. Onların açılış mərasimi "Həlifül-Quran" (Quranın müttəfiqi/dostu) ləqəbi ilə tanınan İmam Zeyd ibn Əlinin (ə) şəhadətinin ildönümü ilə eyni vaxta təsadüf edib.

Vali müavinləri Əbdüssalam ən-Nəsiri və Nasir əl-Əcinin iştirak etdiyi mərasimdə bu yeni təhsil müəssisəsinin Qurana xidmət və Quran elmlərinin tədrisindəki əhəmiyyəti vurğulanıb.

Çıxış edənlər həmçinin bildiriblər: "Bu mərkəzlər Yəmənin görkəmli din alimlərinin və təbliğatçılarının yetişdirilməsində mühüm rol oynayır və bu cür təşəbbüslər cəmiyyətdə dini maariflənmənin genişlənməsinə və İslam dəyərlərinin təbliğinə kömək edəcək".

Mərasimin davamında qeyd olunub ki, akademiyanın və məktəbin açılışı Quran və dini təlimlərə bağlılığı, eləcə də İmam Zeydin (ə) dəyərlərindən, xüsusilə də Qurana və İslam prinsiplərinə sadiqlik sahəsində ilham almaq cəhdini əks etdirir.

İştirakçılar layihənin təşkilatçılarına və dəstəkçilərinə təşəkkür edərək, onun cəmiyyətə fayda verə biləcək dini biliyə sahib nəsillərin yetişdirilməsindəki həyati rolunu vurğulayıblar.

Mərasim Quranın mövqeyi, fərdin və cəmiyyətin formalaşmasında onun rolunu izah edən müxtəlif hissələrdən ibarət olub.

İmam Səccadın (ə) oğlu Zeyd ibn Əli ibn Hüseyn (ə) şiə dünyasının və İslam aləminin görkəmli şəxsiyyətlərindəndir. O, Quranla sıx bağlılığına görə "Həlifül-Quran" (Quranla müttəfiq) adlandırılıb.

Zeyd ibn Əli hicri 121-ci ildə Əməvi xəlifəsi Hişam ibn Əbdülməliyə qarşı qiyam qaldırıb və bir qrup insan onunla beyət edib. O, Kufə şəhərində xəlifənin qoşunları ilə döyüşərkən şəhid olub.

4363751

Teqlər: yəmən ، quran ، akademiya ، fakültə
captcha