“İQNA”-nın “Fələstin Onlayn”-a istinadən verdiyi məlumata görə, Qəzza şəhərinin məhəllələrindən birində 71 yaşlı Cəmil Miqdad hər səhər onlarla köhnə Quran nüsxəsi ilə əhatə olunmuş kiçik taxta masasının arxasında əyləşir. Bu Quranların bəziləri müharibə nəticəsində cırılıb, bəziləri isə illərlə istifadə olunduğu üçün köhnəlib.
Onun yanında qayçı, kiçik mişar, yapışqan qabları və müxtəlif ölçülü qalın karton parçaları var. Bu məkan sadə bir kitab təmiri emalatxanasından daha çox şeydir; bura müharibənin dağıntılarına qarşı durmaq üçün sakit bir sığınacaq hesab olunur. Burada cırılmış səhifələr müqavimət və dözümlülük hekayəsinə çevrilir və Cəmilin yenidən həyata qaytardığı hər bir nüsxə, Qəzza zolağındakı həyatın bütün sahələrinə təsir edən müharibəyə qarşı qazanılmış kiçik bir qələbədir.
45 illik kitab cildləmə təcrübəsi
Qəzza şəhərinin qərbində yerləşən “Əş-Şati” (Sahil) qaçqın düşərgəsində doğulub böyüyən Miqdad, 45 ildən çox kitab cildləmə təcrübəsinə malikdir. Müharibədən əvvəl onun özünə və övladlarına dolanışıq gətirən bir kitab dükanı və mətbəəsi vardı, ta ki dağıntı maşını gəlib onun illərlə çəkdiyi zəhmətin bəhrəsini bir ovuc xarabalıq yığınına çevirdi.
Sərhəd-keçid məntəqələrinin bağlı olması səbəbindən Qəzza zolağında yeni Quran nüsxələrinin çatışmazlığını nəzərə alan Cəmil, özünü fərqli bir vəzifə qarşısında, yəni mövcud nüsxələri qorumaq və onları oxuna biləcək vəziyyətə gətirmək üçün təmir etmək vəzifəsində gördü.
O, hər gün səhər işinə adəti üzrə başlayır: bombardman və davamlı istifadə nəticəsində cildi zədələnmiş və ya səhifələri cırılmış Quran nüsxələrini qarşısına düzür. Sonra səhifələri nizamlayır, cild üçün uyğun ölçüləri götürür və yapışdırma işlərindən, habelə möhkəm kartondan yeni cild düzəltməzdən əvvəl onları əllə tikməyə başlayır.
İlahi razılıq üçün səy
O deyir: “Qalan Quran nüsxələrini evimdən və kitabxanamdan çıxardım; qəlpələrin tikə-tikə etdiyi, müharibənin köhnəltdiyi və əldən saldığı nüsxələri kiçik masamın üzərinə qoydum. Onların təmirinə sırf Allahın razılığı üçün başladım, nə bir haqq alırdım, nə də bu işin insanları cəlb edəcək bir xidmətə çevriləcəyini gözləyirdim.”
O əlavə edir: “Zaman keçdikcə qonşular öz nüsxələrini gətirdilər və məscidlər də müharibədə zədələnmiş onlarla Quranı mənə göndərdi; beləcə o sadə masa Allahın kitabına təzə nəfəs verən bir emalatxanaya çevrildi.”
Miqdad vurğulayır ki, əsas məqsədi Quran nüsxələrini zədələnməkdən qorumaqdır və deyir: “Allahın kitabı qorunmalıdır; xüsusilə də sərhəd-keçid məntəqələrinin bağlı olması səbəbindən Qəzzaya yeni nüsxələrin daxil olması mümkün deyil. Buna görə də, onların müharibə nəticəsində məhv olmasına imkan vermək əvəzinə, dağılmış olanları təmir etməyə və bərpa etməyə üz tutmuşuq.”
Cəmil, sağ ayağındakı anadangəlmə şikəstliyə və protez ayaq istifadə etməsinə baxmayaraq, hər gün işini davam etdirir; hərçənd fiziki vəziyyəti onun uzun müddət işləmək imkanını məhdudlaşdırır.
4363362