IQNA

İraq məscidlərinin yay kursları; Quran nəslinin yetişdirilməsinin əsası

12:18 - July 16, 2026
Xəbər sayı: 3500774
İQNA – İraqdakı təhsil və təbliğat fəaliyyətlərinin son onilliklərə aid tarixi yazılarkən, məscid mərkəzli yay kursları Quran və İslam nəsillərinin formalaşdırılması və tərbiyəsində ən təsirli təcrübələrdən biri kimi qeyd olunmağa layiqdir.

Dünya Müsəlman Alimləri Birliyinin üzvü və iraqlı tədqiqatçı Səd əl-Həlbusi "iumsonline.org" xəbər saytında dərc olunan "Məscidlərdə formalaşan nəsil" adlı məqaləsində, məscidlərdəki yay Quran kurslarının iraqlı vətəndaşların şəxsiyyətinin və İslam kimliyinin formalaşmasındakı rolundan bəhs edərək yazır: "İraqdakı təhsil və təbliğat fəaliyyətlərinin son onilliklərə aid tarixi yazılarkən, məscid mərkəzli yay kursları nəsillərin formalaşdırılması və İslam şəxsiyyətinin tərbiyəsində ən təsirli təcrübələrdən biri kimi qeyd olunmağa layiqdir. Eyni zamanda Quranı əzbərləmək üçün məclislər və dərin təsirə malik təhsil proqramları olan bu kurslar, sonradan dəvət və sosial islahat mesajını daşıyan minlərlə gənc üzərində silinməz izlər qoyub".

Bir çoxları bu yay kurslarının başlanğıcını 1991-ci ilə aid edir, halbuki onların kökü daha əvvəlki illərə gedib çıxır. 1976-cı ildə İraqın Vəqflər Nazirliyi Quranı əzbərləməyi təşviq etmək üçün bir layihəyə başladı və Quranın bir "cüz"ünü əzbərləyən hər kəsə 10 İraq dinarına bərabər mükafat təyin etdi. Bu addım Bağdadın bir sıra məscidlərinin Quranı əzbərləmək və öyrətmək üçün halqalar yaratmasına səbəb oldu.

Bu kurslar 1983-cü ilə qədər məscid imamlarının və təbliğatçıların fərdi səyləri və təşəbbüsləri ilə davam etdi və bununla da sonrakı illərdə təsiri əhəmiyyətli dərəcədə genişlənən təhsil planının təməli qoyuldu.

Misirli təbliğatçı və məscid mərkəzli fəaliyyətlərin genişlənməsi

Həmin dövrdə misirli təbliğatçı Şeyx Mahmud Qərib tanınmış bir simaya çevrildi. Bağdaddakı "İbn Büniyyə" məscidinin imamı və xətibi olan Şeyx Qərib, gənc nəslin tərbiyəsi üçün yay tətillərindən istifadənin vacibliyini dərk edirdi.

O, həmçinin dərs halqalarının idarə olunması və təhsil üçün Şeyx Əbdülmunim əl-Cənnabi, Əbdülqadir əl-Fəzli, Haşim əl-Məşdani, Mahmud əl-Fəllahi və Sami əl-Cənnabi kimi bir sıra şeyx və təbliğatçıların köməyindən istifadə etdi. Beləliklə, İbn Büniyyə məscidi Bağdadda Quran kurslarının keçirildiyi əsas mərkəzə çevrildi.

İştirakçıların sayının artması ilə Şeyx Mahmud Qərib bu planı digər məscidlərə və bölgələrə də yaydı və ona nəzarəti bir sıra şeyxlərə (Quran ustadlarına) tapşırdı ki, əvvəlcə kiçik tədqiqat halqaları şəklində başlayan fəaliyyət hərtərəfli bir təhsil layihəsinə çevrilsin. Buna görə də Şeyx Mahmud Qərib İraqda mütəşəkkil yay kurslarının öncülü və bu təhsil fəaliyyətinin qurulması və inkişafında əsas sima kimi tanınır; bu addım 1990-cı illərin əvvəllərində kursların genişlənməsinə zəmin yaratdı.

1991-ci ildə mənəvi bir kampaniyanın (İman kampaniyası) başlaması ilə böyük bir dönüş nöqtəsi qeyd olundu.

Quran təhsili ilə sosial davranışın vəhdəti

Bəlkə də həmin kursların ən bariz xüsusiyyəti onların yalnız əzbərçiliyə və mexaniki öyrənməyə deyil, fərdin şəxsiyyətinin tərbiyəsinə və kamilləşməsinə yönəlməsi idi.

Çoxlu sayda imam, vaiz, İslam təbliğatçısı və elm tələbəsi həmin kurslardan məzun oldu və sonradan İslamın təbliği, təhsil və sosial islahatlar sahəsində görkəmli simalara çevrildilər.

Bu insanlar məscidlərdə, məktəblərdə və təhsil mərkəzlərində fəaliyyət göstərərək yeni nəsillərin yetişdirilməsində iştirak etdilər; nəticədə bu kursların təsiri yalnız iştirakçıların özlərini deyil, bütün cəmiyyəti əhatə etdi.

Uzun illər boyu gənclər üçün yay tətili vaxt itkisi və istifadəsiz fürsətlər dövrünə çevrilirdi, lakin bu kurslar bu nəslin dini və dünyəvi həyatı üçün faydalı fəaliyyətlər təqdim edərək həmin boşluğu doldurdu və gənclərin yaxşı yoldaşlıqdan, münasib örnəklərdən və səmərəli proqramlardan faydalana biləcəyi sağlam və yaradıcı bir mühit təmin etdi.

Həftəlik düşərgələrdə Quranla ünsiyyət

Həmçinin Bağdadın müxtəlif məscidlərində, xüsusilə "Kərx" bölgəsində bir və ya iki həftə davam edən həftəlik düşərgələr keçirilir.

Təcrübə göstərir ki, təhsil düşərgələri daha təsirlidir; çünki onlar sadəcə bilik ötürülməsindən kənara çıxaraq, gənclərə öyrənilən dəyərləri öz həyatlarında təcrübədən keçirmək və gündəlik işlərində tətbiq etmək üçün bir məkan təmin edir.

Bu yolun başlanğıcından otuz ildən çox vaxt keçməsinə baxmayaraq, yay kursları və təhsil düşərgələri İraqda ən uğurlu təbliğat planlarından biri olaraq qalmaqdadır.

4363814

Teqlər: İraq ، məscid ، kurs ، quran
captcha