“İQNA”-nın "Əl-Əhram" qəzetinə istinadən verdiyi məlumata görə, bu müsabiqə Əl-Əzhər şeyxi Əhməd Tayyibin himayəsi, Əl-Əzhərin müavini Şeyx Əymən Əbdülqəninin göstərişləri və Əl-Əzhər şeyxinin xarici tələbələr üzrə müşaviri Nəhlə əs-Səidinin nəzarəti ilə təşkil olunur.
Bu tədbir Əl-Əzhərin xarici tələbələrin Quranı Kərimlə əlaqəsini gücləndirmək, onları Quranı əzbərləməyə, qiraət və təcvidə yiyələnməyə həvəsləndirmək və tələbələr arasında müsbət rəqabət ruhunu inkişaf etdirmək istiqamətindəki səyləri çərçivəsində keçirilir.
Əl-Əzhərin Beynəlxalq və Xarici Tələbələrin Təhsilinin İnkişafı Mərkəzi izah edib ki, müsabiqənin ilkin mərhələləri və imtahanları müəyyən edilmiş qayda və şərtlərə uyğun olaraq keçiriləcək. Bu şərtlərin ən vaciblərindən biri budur ki, iştirakçı "İmam Tayyib" Quran Hifz Məktəbinin şöbələrindən birində oxuyan xarici tələbə olmalı və seçdiyi sahə üzrə – yəni Quranın tamı, yarısı və ya 10 cüzü üzrə lazımi bacarığa malik olmalıdır. Həmçinin, "Büğyətüt-talibin fi təcvidi kəlam-i rəbbil-aləmin" kitabına (təcvid üçün bələdçi kitab) istinadən təcvid qaydalarına və Quran qiraətinə tam hakim olmalıdır.
İmtahanlar Əl-Əzhər Universitetinin qiraət üzrə mütəxəssis olan professorlar heyəti tərəfindən aparılacaq və iştirakçıların qiymətləndirilməsində ən yüksək dəqiqlik və ədalət standartlarına riayət ediləcək.
İlkin mərhələlərdən sonra hər bir kateqoriya üzrə 10 ən yaxşı xarici tələbə seçiləcək və bu yarışmada ümumilikdə 70 qalib müəyyən ediləcək.
Qaliblərə 700 min Misir funtu dəyərində pul mükafatları təqdim olunacaq və bütün iştirakçılara təşəkkürnamələr veriləcək.
Yekun mərasimdə "İmam Tayyib" Quran Hifz və Qiraət Məktəbinin yeni məzun olan xarici tələbələr qrupu təltif olunacaq.
Mərkəz, ən yaxşıları təşviq etmək və onların Quranı əzbərləmək və Quran elmlərinə yiyələnmək yolunu davam etdirmələrini dəstəkləmək məqsədilə Əl-Əzhər rəhbərləri, səfirlər, nazirlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə xüsusi təltifetmə mərasimi keçirməyi planlaşdırır.
4364193