IQNA

Yunanıstanda 400 illik məscidin bərpası başa çatdı

12:22 - July 18, 2026
Xəbər sayı: 3500781
İQNA – Yunanıstanın Lesbos adasındakı "Apano Skala" bölgəsində yerləşən 400 illik tarixi Osmanlı məscidinin bərpası Avropa İttifaqının vəsaiti hesabına başa çatıb.

 

“İQNA”, "New Turk" xəbər agentliyinə istinadən xəbər verir ki, məscidin təmirinə Avropa İttifaqının maliyyə yardımı fondu tərəfindən təxminən 1,8 milyon avro ayrılıb. Onun açılış mərasimi son illərdə adadakı mədəni irsin qorunması istiqamətində həyata keçirilən ən mühüm layihələrdən biri hesab olunur.

Bərpa işləri zamanı aparılan tarixi və arxeoloji araşdırmalar nəticəsində ekspertlər məscidin təməl kitabəsini yenidən təhlil ediblər. Nəticələr göstərib ki, uzun illər ərzində bu tikili üçün istifadə olunan "Validə məscidi" adı tarixi baxımdan yanlışdır və binanın əsl adı "Palızadə Həsən bəy məscidi"dir.

Yunanıstanın mədəni irs üzrə məsul şəxsləri bildiriblər ki, bu adın düzəldilməsi sadəcə zahiri bir dəyişiklik deyil, həm də Lesbos adasındakı Osmanlı irsinin daha dəqiq qeydiyyata alınması və sənədləşdirilməsi üçün atılmış mühüm bir addımdır.

Mitilini Antik Əsərlər İdarəsinin hesabatına görə, məscid ilk dəfə XVII əsrin əvvəllərində, təxminən 1620-ci ildə tikilib. 1867-ci ildə baş verən böyük zəlzələdə ciddi zərər görən bina, 1889-cu ildə indiki formasına salınaraq yenidən bərpa edilib.

Cilalanmış daşdan tikilmiş, maili damı və daş döşənmiş həyəti olan bu bir mərtəbəli bina, adada qalan ən mühüm Osmanlı tarixi abidələrindən biri hesab olunur.

Bərpa işləri yalnız binanın fasadının yenilənməsi ilə məhdudlaşmayıb; həmçinin orijinal daş hörgü qorunmaqla yanaşı, dayaqların və konstruktiv sütunların möhkəmləndirilməsi, damın və tağların müəyyən hissələrinin təmiri də həyata keçirilib.

Layihənin əsas məqamlarından biri, 17,5 metrlik tarixi minarənin ilkin görkəminə qaytarılması olub. Bu, Mitilininin tarixi mənzərəsində onun əvvəlki mövqeyinin bərpası məqsədini daşıyır.

Yunanıstan Mədəniyyət Nazirliyi bəyan edib ki, bu tarixi bina ibadət yeri kimi deyil, muzey və mədəniyyət tədbirləri məkanı kimi fəaliyyət göstərəcək. Binanın sərgi və müxtəlif tədbirlər vasitəsilə yerli və beynəlxalq ziyarətçilərə Lesbosun çoxmədəniyyətli tarixini və Osmanlı irsini tanıtması hədəflənir.

Binanın çərşənbə axşamı günləri istisna olmaqla, hər gün yerli vaxtla saat 08:30-dan 15:30-dək ziyarətçilərin üzünə açıq olacağı planlaşdırılır.

4364216

captcha