“İQNA”, "Alsaudi.news"a istinadən xəbər verilir ki, Qurani-Kərimin bütün surələrini Məscidül-Həramın təfərrüatlı layihəsi çərçivəsində özündə birləşdirən bu əsər; xəttatlığın dəqiqliyini, Quran mətninin mənəviyyatını və vizual kompozisiyanın gözəlliyini nümayiş etdirir.
Bu əlyazma nüsxəsi zəvvarların Qırmızı dəniz marşrutu ilə Məkkəyə etdikləri səyahətin bir hissəsini təsvir edir. Əsər Qurani-Kərimin müqəddəsliyi, İslam xəttatlığının gözəlliyi və Məscidül-Həramın təsviri arasında bir körpü quraraq, İslam incəsənətinin tarixi həcc yolları ilə əlaqəsinin bədii nümunəsinə çevrilib.
Bu əsər 1859-1860-cı illər civarında Hindistanın Maysur şəhərində Qovs Məhbub Qalib tərəfindən yaradılıb. Sözügedən nüsxə qalın kağız üzərində divani xətti, qara mürəkkəb və qızılı naxışlarla (təzhib) işlənib. Onun mərkəzində, dairəvi kompozisiya şəklində Kəbə təsviri yer alır ki, bu da Məscidül-Həramın memarlıq xüsusiyyətlərini və tarixi tikililərini əks etdirir.
Bu əsərin ən unikal xüsusiyyəti, çox incə və dəqiq bir xətt ilə bütün Quran surələrinin lövhənin müxtəlif hissələrinə yerləşdirilməsidir.
Quranın mətni yuxarı hissədən "Fatihə" surəsi ilə başlayır və "Nas" surəsi ilə sona çatır. Bu, müsəlman xəttatların məharətini və Quran xəttatlığında dəqiqliyə riayət etdiklərini sübut edən bir şah əsərdir.
Lövhənin vizual dizaynı onun bədii dəyərini daha da artırır: Kəbə səhnənin mərkəzində yerləşir və ətrafında Məscidül-Həramın tarixi tikililəri görünür. Quran ayələri və surələri isə bəzəkli naxışlar və memarlıq detalları ilə iç-içə keçərək, mətn və təsvir arasında göz oxşayan bir ahəng yaradır.
Bu əlyazma nüsxəsinin dəyəri yalnız bədii cəhətlərlə məhdudlaşmır; o, həm də müqəddəs torpaqlara dəniz səyahətləri zamanı zəvvarların özləri ilə apardıqları mədəni irsin bir hissəsini əks etdirir.
Bu əsər müsəlmanların Hərəmi-Şərifə olan məhəbbətinin və şövqünün rəmzidir və İslam incəsənətinin Qırmızı dəniz limanları vasitəsilə İslam dünyasının müxtəlif bölgələrinə ötürülməsində mühüm rol oynayıb.
"Bəhrul-İman" zalı bu əsəri həcc ziyarətləri ilə bağlı bir sıra Quranlar, əlyazmalar və nadir əşyalarla birlikdə nümayiş etdirir. Bu sərgi zəvvarların Qırmızı dəniz marşrutu ilə müqəddəs torpaqlara apardıqları mədəni irsi və onların Məkkə ilə olan mənəvi əlaqəsini təsvir edir.
4364687