IQNA

Şotlandiyada islamofobiyanın artması ilə bağlı xəbərdarlıq

9:36 - August 07, 2026
Xəbər sayı: 3500898
İQNA – Şotlandiyada yaşayan bir müsəlman tədqiqatçı ölkədə artmaqda olan islamofob ekstremizm dalğasına qarşı təcili tədbirlər görülməsinə çağırıb və müsəlmanlara qarşı hücumların “fövqəladə səviyyəyə” çatdığını bildirib.

“İQNA“, “The National” nəşrinə istinadən xəbər verir ki, Şotlandiyada yaşayan tədqiqatçı Pəyam Mustafa İslamın mahiyyəti ilə bağlı milli dialoqun formalaşmasının vacibliyini vurğulayıb. O, din haqqında yanlış təsəvvürlərin cəmiyyətdə parçalanmanı və fikir ayrılıqlarını necə dərinləşdirdiyini izah edib.

Mustafa həmçinin məktəblərdə və cəmiyyətdə İslam haqqında daha çox maarifləndirmə işlərinin aparılmasını tələb edərək, bu cür təşəbbüslərin qərəzliliyi azaltmaq və sosial həmrəyliyi gücləndirmək üçün ən effektiv yollardan biri olduğunu bildirib.

Ötən il ərzində Britaniyada məscidlərə qarşı təxminən 70 hücum qeydə alınıb; bu, orta hesabla hər beş gündə bir hücum deməkdir.

Britaniya Daxili İşlər Nazirliyinin statistikasına görə, 2025-ci ilin martınadək olan bir il ərzində müsəlmanlara qarşı nifrət zəminində törədilən cinayətlər 19 faiz artaraq 4476 faktla ən yüksək səviyyəyə çatıb.

Bundan əlavə, "Amnesty International" təşkilatı son həftələrdə Britaniya boyu islamofob hücumların “fövqəladə səviyyəyə” çatdığını bəyan edib.

Mustafa deyib: “Müsəlmanlara qarşı nifrət cinayətləri kəskin şəkildə artıb və ölkə daxilindəki məscidlər daha çox vandalizm, qəsdən yandırılma və hədə-qorxu hədəfinə çevrilir. Biz İslamın əslində nə öyrətdiyi barədə milli dialoq qurmalı və qərəzlilikdən yaranan bu zəhərli mühiti azaltmalıyıq”.

O, əlavə edib: “Ən böyük faciə ondan ibarətdir ki, İslam çox vaxt onu nə tanıyan, nə də düzgün əməl edən insanlar tərəfindən tərif olunur. Ekstremistlər daxildən onun təlimlərini təhrif edir, fanatiklər isə kənardan onun yanlış təsvirini təqdim edirlər. Bu iki cərəyan arasında Quranın sülh, ədalət, mərhəmət və insan ləyaqəti kimi əsl mesajı çox vaxt nəzərdən qaçırılır”.

Məhəmməd Peyğəmbərin (s) mövludu ərəfəsində Mustafa bu tarixi fürsəti müsəlmanlara qarşı ekstremizm mövzusunda milli dialoqun başlanğıcı hesab edir.

O, fikrini belə yekunlaşdırıb: “Nifrətin antidotu anlayış və tanıma olmaqdır. İnsanlar İslamı sensasiyalı başlıqlar və ya sosial media vasitəsilə deyil, etibarlı və orijinal araşdırmalar yolu ilə tanıdıqda qorxu yerini maariflənməyə, qarşıdurma isə dialoqa verəcək”.

4368349

captcha