IQNA

UNICEF-in Qəzzada uşaqların ölümü ilə bağlı hesabatı

9:46 - August 07, 2026
Xəbər sayı: 3500900
İQNA – İsrail rejiminin Fələstin xalqına qarşı hərbi təcavüzü davam edərkən, UNICEF ötən il Qəzzada atəşkəsin elan olunmasından bəri hər gün bir uşağın həyatını itirdiyini bildirib.

“İQNA”, "Anadolu" agentliyinə istinadən xəbər verir ki, UNICEF ötən ilin oktyabrında atəşkəs elan edildikdən keçən 300 gün ərzində Qəzza zolağında azı 300 uşağın şəhid olduğunu açıqlayıb.

UNICEF həmçinin xəbərdarlıq edib ki, zorakılıq və humanitar vəziyyət uşaqları ciddi təhlükə altında qoymaqda davam edir.

UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Edvard Beyqbeder bildirib: "Hər gün orta hesabla bir uşağın ölümünə səbəb olan atəşkəs uşaqların gözləntilərini doğrultmayıb. Çoxu ağır yaralanmış yüzlərlə uşaqla yanaşı, Qəzzanın azyaşlıları hələ də onlara vəd edilmiş zorakılığın bitməsini gözləyirlər".

UNICEF-in məlumatına görə, bir çox ailə Qəzzanın təxminən üçdə bir hissəsinə köçmək məcburiyyətində qalıb və dağılmış binaların, uçqunların və yığılıb qalmış zibilin arasında təhlükəli şəraitdə yaşayırlar.

Təşkilat xəbərdarlıq edib ki, Qəzzalı uşaqlar kəskin qida çatışmazlığı, xəstəliklərin yayılması, təmiz içməli suya məhdud çıxış və zədələnmiş səhiyyə infrastrukturu da daxil olmaqla, getdikcə pisləşən humanitar böhranla üz-üzədirlər.

Bununla belə, UNICEF atəşkəsin növbəti mərhələsi, o cümlədən düşmənçiliklərin dayandırılması və humanitar yardımların genişləndirilməsi ilə bağlı son elanların vəziyyətin yaxşılaşacağına dair ümidlər yaratdığını bildirib.

Beyqbeder əlavə edib: "Bu, yeni bir ümid verir və uşaqların ölümünə son qoymaq üçün bir fürsət yaradır. Qəzzalı uşaqlar üçün sınaq sadədir: qırğınlar dayanacaqmı? Yardımlar geniş miqyasda onlara çatacaqmı? Xəstəxanalar yenidən açılacaq və suyun verilişi bərpa olunacaqmı? Uşaqlar sentyabr ayında təhlükəsiz şəkildə məktəbə qayıda biləcəklərmi?"

O, sözlərinə belə davam edib: "Uşaqlar əvvəllər də vədlər eşidiblər. Bu dəfə razılaşmalar əməli addımlara çevrilməlidir".

UNICEF həmçinin müvafiq rəsmiləri ehtiyacı olan uşaqlar və ailələr üçün humanitar yardımların "təhlükəsiz, sürətli və maneəsiz" şəkildə çatdırılmasını təmin etməyə çağırıb.

4368377

captcha