IQNA

10:44 - August 12, 2026
Xəbər sayı: 3500944

İndoneziyada bütün məhsullar üçün "halal" nişanının məcburi olması

İQNA – İndoneziya bu ilin oktyabr ayından etibarən bütün qida və gigiyena məhsulları istehsalçıları üçün halal sertifikatı almağı məcburi etməyi planlaşdırır.

"İQNA"nın "sme.asia"-ya istinadən verdiyi məlumata görə, İndoneziya bu ilin oktyabrında halal sertifikatlaşdırmanı məcburi etməyə hazırlaşır və bu qanun oktyabrın 18-dən etibarən qida və kosmetika şirkətləri də daxil olmaqla bütün müəssisələr üçün tam şəkildə qüvvəyə minəcək.

Bu mövzu ilə əlaqədar olaraq, ölkənin Halal Təminat Agentliyi (BPJPH) daha çox biznesi mümkün qədər tez halal sertifikatlarını almağa çağırıb, çünki iri müəssisələr artıq 2024-cü ilin oktyabrından bəri məhsullarının üzərinə halal nişanlarını vurmağa məcburdurlar.

BPJPH-nin rəhbəri Haikal Həsən bildirib: "Bizneslər halal sertifikatlarını əlavə yük kimi görməməlidirlər. Əksinə, onlar istehlakçı etibarını qazanmaq və biznesin rəqabət qabiliyyətini artırmaq üçün bir strategiyanın hissəsi ola bilərlər".

İndoneziyalı müəssisələr indi xarici tacirlərlə rəqabət aparmalı olduqları üçün bu sertifikatlar daha da böyük əhəmiyyət kəsb edir.

Haikal əlavə edib: "Bir çox ölkə halal sənayesini iqtisadi fürsət kimi qəbul edib. Bizim böyük potensialımız var, ona görə də bu sənayenin əsas oyunçusu olmalıyıq".

İndoneziya xarici tərəfdaşlarla bəzi Qarşılıqlı Tanınma Sazişləri (MRA) imzalayıb. Bu razılaşmalar İndoneziyanın xarici ölkələr tərəfindən verilən halal sertifikatlarını tanıdığını və əksini, beləliklə də bazara girişi sadələşdirdiyini göstərir.

Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, halal dəyər zənciri 2025-ci ilin üçüncü rübündə milli ÜDM-in 27 faizini təşkil edib.

İndoneziya dünyanın ən böyük müsəlman əhalisinə malik ölkəsidir və 200 milyondan çox indoneziyalı özünü müsəlman hesab edir.

İndoneziyanın ticarət nazirinin müavini Diah Roro Esti Widya Putri bildirib ki, ölkə 2025-ci ildə 63,42 milyard dollarlıq ixracın nəticəsi olaraq halal məhsulların ticarətində 51,17 milyard dollarlıq profisit qeydə alıb.

34,16 milyard dollar dəyərində olan palma yağı və onun törəmələri İndoneziyanın ən böyük halal ixrac kateqoriyası olaraq qalır, ondan sonra 8,67 milyard dollarla islam modası məhsulları və 5,46 milyard dollarla halal kosmetikada istifadə olunan kimyəvi maddələr gəlir.

Rəsmi şəxs bildirib ki, 2026-cı ilin birinci rübündə İndoneziyanın halal məhsul ixracı ötən illə müqayisədə 2,52 faiz artaraq 15,64 milyard dollara çatıb.

Hökumət İndoneziyanın halal məhsullarının dünya bazar payını artırmaq üçün xüsusilə Latın Amerikası, Afrika və Şimali Amerikada təşviqat səylərini, ixracın asanlaşdırılmasını və bazarın genişləndirilməsini artırmağı planlaşdırır.

4369245

Teqlər: indenoziya ، qida ، gigiyena ، sertifikat
captcha