İQNA – Qazaxıstanın qərbində, özünəməxsus memarlığı və tarixi kitabələri ilə seçilən Şakpak-Ata yeraltı məscidi Manqistau bölgəsinin ən heyrətamiz dini və mədəni irslərindən biri hesab olunur.
“İQNA”-nın məlumatına görə, Qazaxıstanın qərbində və geniş Manqistau torpaqlarında təbiət hadisələri ilə tarixi abidələr yanaşı yerləşərək bu bölgəyə fərqli və möhtəşəm bir sima bəxş edib; Bozjiranın ağ və hündür qayalıqlarından tutmuş müəmmalı daş kürələrə, qala bənzər zirvələri olan İrketi dağlarına və daşın bağrında oyulmuş tarixi məscidlərə qədər. Bu əsərlər arasında Şakpak-Ata yeraltı məscidi bölgənin ən mühüm dini və tarixi abidələrindən biri sayılır.
Manqistau milyonlarla il ərzində təbii proseslər, həmçinin insanın mövcudluğu və fəaliyyəti nəticəsində formalaşıb və bu gün Qazaxıstanın ən unikal bölgələrindən birinə çevrilib; yeraltı məscidlərin, qədim qəbiristanlıqların və tarixi türbələrin qayalı mənzərələrlə birləşdiyi bir diyar.
Şakpak-Ata Manqistau xalqının hörmət etdiyi 362 övliyadən biridir və onun adını daşıyan yeraltı məscid dua etmək və hacət diləmək üçün ora gələn zəvvarlar üçün müqəddəs bir məkandır. Bu bina eyni zamanda Aral-Xəzər bölgəsində tarixi memarlığın görkəmli nümunələrindən biri hesab olunur.
Şakpak-Ata məscidi birbaşa əhəngdaşı dağının içərisində oyulub. Binanın strukturu mərkəzi salondan şimal, cənub, şərq və qərb istiqamətlərində uzanan dörd əsas məkandan ibarətdir. Bu mağaraya bənzər memarlıq Şakpak-Ata məscidini bir çox oxşar tikililərdən fərqləndirir.
Bu məscidin divarlarında ərəb qrafikası ilə təxminən 250 kitabə və nəqş diqqəti cəlb edir. Bu əsərlər arasında dünyanın faniliyinə, var-dövlət və məqamın etibarsızlığına işarə edən irfani və sufi mövzulu şeirlər də var. Aparılan araşdırmalara baxmayaraq, bu şeirlərin müəllifləri və yazılma tarixi hələ də dəqiq məlum deyil və onların bəzilərinin şəxsən Şakpak-Ata tərəfindən yazıldığı ehtimalı irəli sürülüb.
Məscidin bəzəklərində diqqətçəkən digər bir element divarlardakı təkrar olunan insan ovuc izləridir. Bənzər simvallar Konqa-Baba və Sultan-Epə tikililərində də müşahidə olunub. Baxmayaraq ki, bu təsvirə irfani və sufi ənənələrində müxtəlif şərhlər verilir, onun dəqiq mənası hələ də mübahisə mövzusudur.
Bölgənin geoloji xüsusiyyətlərinə və qayalardakı xüsusi boşluq və strukturlara əsasən, bu ərazi keçmişdə qədim Tetis okeanının bir hissəsi olub. Tədqiqatçılar Şakpak-Ata məscidinin tikilmə tarixini IX-XIV əsrlər arasına aid edirlər; baxmayaraq ki, bu dini şəxsiyyətin yaşadığı dövr haqqında dəqiq məlumat yoxdur. Onun mirası əsrlər boyu bu məscid və bölgə xalqının şifahi rəvayətləri vasitəsilə qorunub saxlanılıb.
Şakpak-Ata kompleksi yalnız yeraltı məscidlə məhdudlaşmır; orada X-XIX əsrlərə aid çoxsaylı dini və dəfn abidələri mövcuddur. Saqanatam türbələri, Kulpitas və Kuytas daş kitabələri bu kompleksin tarixi əsərlərindəndir.
Bu tarixi kompleks Topkaraqan bölgəsindəki Tavşik kəndindən təxminən 30 kilometr şimal-qərbdə yerləşir.
Qazaxıstan Prezidenti Milli Konqresin üçüncü iclasında bu bölgədəki yeraltı məscidlərin YUNESKO-nun Ümumdünya İrsi siyahısına namizəd kimi göstərilməsi üçün tapşırıq verib.
Şakpak-Ata Qazaxıstan müsəlmanları üçün sadəcə tarixi bir dini bina deyil; bu yeraltı məscid Manqistau mənəvi irsinin bir hissəsi və bu torpaqların insanlarının əsrlər boyu ibadətinin, ziyarətinin, həyatının və dini inanclarının sübutudur.
4370570