İQNA – Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zaid Böyük Məscidinin möhtəşəm memarlığının mərkəzində işıq sadəcə bir işıqlandırma vasitəsi deyil, həm də həqiqəti əks etdirən bir alətdir. Bu mərkəzin yeni işıqlandırma sistemi, ayın fazaları, mərhələləri və zamanın hesablanması arasındakı bağa toxunan ilahi ayələrdən ilhamlanaraq, məscidin divarlarını səmanın hekayəsini danışan bir ekrana çevirib. İşıq rənginin tünd mavidən bədirlənmiş ayın ağlığına qədər dəyişdiyi bu təcrübə, işığın və hesabın dərin mənasını valehedici şəkildə təcəssüm etdirir.
"İQNA"-nın "Səhifətül-Xəlic" qəzetinə istinadən verdiyi məlumata görə, Şeyx Zaid Böyük Məscidi Mərkəzi "Ayın bir hekayəsi var... və onun işığı bunu danışır" adlı işıq şousunu təqdim edir. Bu, ayın müxtəlif mərhələlərindən ilhamlanan vizual və yenilikçi bir təcrübədir. Bu nümayiş mərkəz tərəfindən tərtib edilmiş BƏƏ hicri təqviminin dəqiqliyini əks etdirir və ziyarətçilərin təcrübəsini zənginləşdirmək, onların İslam sivilizasiyası və mədəni irsi ilə bağlarını gücləndirmək üçün vizual sənətlərdən istifadə etmək səylərini nümayiş etdirir.
Bu təcrübə ayın və onun mərhələlərinin hekayəsini işıqlandırma yolu ilə çatdıran vizual tamaşadan ibarətdir. Bu vizual effekt məscidin özünəməxsus memarlıq üslubu ilə həmahəngdir və astronomik hərəkətlərlə hicri təqvim arasındakı sıx bağı vurğulayır. Mərkəz bu təqvimi ən yüksək elmi standartlara uyğun olaraq illik əsasda hazırlayıb dərc edir və bununla da onun dəqiq astronomik hesablamalara əsaslanan elmi bir mənbə kimi əhəmiyyətini önə çəkir.
Quranın əhəmiyyəti
Bu vizual nümayiş aşağıdakı şərəfli ayənin mənasının təcəssümüdür: *"Günəşi çıraq, ayı isə nur edən, illərin sayını və hesabı biləsiniz deyə ay üçün mənzillər (mərhələlər) müəyyən edən Odur. Allah bunları yalnız haqq (hikmət) ilə yaratmışdır. O, bilən bir qövm üçün ayələri ətraflı izah edir."* (Yunis surəsi, 5-ci ayə).
Bu əsər ayın mərhələləri, zamanın ölçülməsi və hicri təqvim arasındakı əlaqəni vurğulayır və Quran anlayışlarını işığa əsaslanan yeni bir təcrübəyə çevirir. Bu təcrübə vizual gözəlliyi elmi biliklərlə birləşdirir və bununla da İslam sivilizasiyasının astronomik müşahidə və zamanın hesablanması sahəsindəki töhfələrini əks etdirir.
Bu işıq şousu məsciddəki ay dövrünə əsaslanan işıqlandırma təcrübəsini – hansı ki, əslində tam bir qəməri ay çəkir – beş dəqiqəlik vizual səyahət formatında cəmləyir. Bu müddət ərzində işığın rəngi tünd mavidən (qəməri ayın başlanğıcı və ayparanın görünməsi ilə eyni vaxtda) başlayaraq tədricən açılır, mavi tonu azalır və nəhayət, ayın ortasında "bədir" (dolun ay) vaxtı ağ rəngə çevrilir. Sonra işıq yenidən tədricən tünd mavi rəngə qayıdır ki, bu da qəməri ayın sonunu və yeni dövrün başlanğıcını göstərir.
"Şeyx Zaid" məscidinin ay işıqlanması özünəməxsus xüsusiyyətini "qəməri saat"a bağlı olan sistemə borcludur. Bu sistem məscidin xarici divarlarına düşən işığın intensivliyini hər iki gündən bir tənzimləyərək ayın müxtəlif mərhələlərindəki parlaqlığını əks etdirir.
840 işıqlandırma vahidi
Bu sistem sadəcə estetikadan kənara çıxır; o, qəməri dövrlə (ayların və hicri təqvimin hesablanması əsasında) İslam sivilizasiyasının əlaqəsini əks etdirən mədəni bir ölçü daşıyır və dünyanın bir çox mədəniyyətində ortaq olan bir elementi vurğulayır.
Qəməri işıqlandırma sistemi məscidin ətrafına paylanmış 840-dan çox vahid vasitəsilə işləyir və divarlara vahid, dəqiq işıq şüaları salır. Bundan əlavə, ətrafdakı 22 işıq qülləsi işıq nümunələri ilə buludlar arasında vizual ahəngi vurğulayaraq məscidin memarlıq gözəlliyini artırır və ziyarətçilərə müstəsna bir vizual təcrübə təqdim edir.
Bu proqram hər hicri ayın əvvəlində icra olunur. Beş dəqiqəlik hər nümayiş müxtəlif mədəniyyətlərdən olan qonaqlara yeni hicri ayın başlanğıcını qeyd edən və incə bir sənət vasitəsilə işığın gözəlliyini və hicri zamanın ritmini əks etdirən vizual şoudan zövq almaq imkanı verir.
4369898