İQNA – Tunisin Xarici İşlər, Miqrasiya və Xaricdəki Tunislilər Nazirliyi bəyanat yayaraq, Quranın təhqir edilməsinə qarşı çıxdığını bildirib və bu cür hərəkətləri ekstremizm və terrorizmin alovlandırılması kimi qiymətləndirib.
“İQNA”-nın İordaniya Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Tunis nümayiş hüququ və söz azadlığı bəhanəsi ilə Quranın təhqir edilməsini qətiyyətlə rədd edərək, bu hadisələri çirkin əməllər adlandırıb.
Tunisin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda dünya ölkələrinə müraciət edilərək, birgə yaşayış və tolerantlıq dəyərlərinə zidd olan bu cür cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün müqəddəs dəyərlərə hörmət edilməsi istənilib.
Bəyanatda qeyd olunur: "Bir daha söz azadlığı və nümayiş hüququ adı altında müsəlmanların hisslərinə qarşı açıq-aşkar təhqir və nifrət dolu bir təxribat baş verib".
Tunis Xarici İşlər Nazirliyi vurğulayıb: "Sistemli şəkildə təkrarlanan bu çirkin cinayət yalnız ekstremizm və terrorizmə rəvac verir. Bu cinayəti törədənlər və onların arxasında duranlar dinlərarası münaqişələri qızışdırmağa və ekstremist hərəkatlara dəstək verməyə çalışırlar".
Bəyanatda daha sonra deyilir: "İslam və müsəlmanlara qarşı törədilən bu cinayətlərin eyni mənbədən və eyni siyasi məqsədlərdən qaynaqlanması, cəmiyyətlərin təhlükəsizliyini, sabitliyini, həmçinin xalqlar və ölkələr arasındakı qarşılıqlı hörməti sarsıtmaq məqsədi daşıması təəccüblüdür".
Xatırladaq ki, cümə günü səhər, avqustun 14-də İsveçin Stokholm şəhərindəki məscidin çöl ərazisində Quran yenidən təhqir edilib. Bu, 2025-ci ilin dekabrından bəri baş verən üçüncü belə hadisədir.
Stokholm Mərkəzi Məscidinin imamı və direktoru Mahmud əl-Xələfi bu xəbəri bildirməklə yanaşı, Facebook hesabında üzərinə zəncir və qıfıl vurularaq məscidin çəpərinə asılmış və üzərində deşiklər olan Quranın fotosunu paylaşıb.
Əl-Xələfi İsveç rəsmiləri və cəmiyyətini bu hücumlara qarşı aydın mövqe nümayiş etdirməyə çağırıb. O vurğulayıb ki, bu hərəkətlərlə mübarizə yalnız müsəlmanları müdafiə etmək deyil, həm də birgə yaşayış və qarşılıqlı hörmət dəyərlərini qorumaq, eləcə də irqçilik, təxribat və dini nifrətin qarşısını almaq deməkdir.
4370033