IQNA

13:49 - August 23, 2026
Xəbər sayı: 3501022

ABŞ-da Qurana qarşı hörmətsizlik edən şəxs həbs edilib

İQNA – Dəfələrlə Quranı yandırmaqla məşğul olan ifrat sağçı cərəyana bağlı bir fəal ABŞ-ın Minneapolis şəhər meriyasının binası qarşısında həbs edilib.

"İQNA"-nın "Rusiya Bu Günü" (RT) agentliyinə istinadən verdiyi məlumata görə, Quranı bir neçə dəfə yandırması ilə tanınan ifrat sağçı bir influenser Minneapolis meriyasının binası qarşısında əleyhdarları ilə mübahisədən sonra iğtişaş törətmək ittihamı ilə saxlanılıb.

"Ceyk Lanq" Minneapolis şəhər meriyasının binası qarşısında iğtişaş törətmək ittihamı ilə həbs olunub. Lanq daha əvvəl 6 yanvar 2021-ci ildə ABŞ Konqres binasına hücum etmək ittihamı ilə 4 il həbsxanada yatıb. O, nəhayət ABŞ Prezidenti Donald Trampın fərmanı ilə əfv edilərək azadlığa buraxılmışdı.

İndi o, "Xaç yürüşü ifadə azadlığı" kimi təsvir etdiyi və Minnesotanın ən böyük şəhərində qaradərililərə qarşı keçirilən nümayişdə saxlanılıb. O, bu mitinqə ABŞ-dakı qaradərililər haqqında təhqiramiz plakatla qatılmışdı və ətrafındakılar da xaçlarla yürüşə daxil olmuşdular. Etirazçılar avtomobillərin qarşısını kəsməyə çalışıb və Lanqla mübahisə ediblər, polis isə qrupları ayırmağa çalışarkən ciddi toqquşmalar baş verib. Nəhayət, polis aralarında Lanq da olmaqla 7 nəfəri həbs edib.

Qeyd edək ki, 2025-ci ilin noyabrında Lanq Miçiqan ştatının Dirborn şəhərində Quran nüsxəsini yandırmağa cəhd etmişdi. Bu bölgə böyük bir müsəlman icmasının məskunlaşdığı yerdir. Lakin onun hərəkəti etirazçı tərəfindən dayandırılmışdı. O, may ayında Dirborn məscidinin qarşısında Quranın başqa bir nüsxəsini yandırmağa cəhd etsə də, bu dəfə də yanğınsöndürən balonla ona müqavimət göstərən şəxs tərəfindən qarşısı alınmışdı. Yanvar ayında isə Lanq Vaşinqtonda sionist rejimi dəstəkləyən lobbi qrupunun (AIPAC) mərkəzi qərargahı qarşısında "Qüdsü yenidən xristianlaşdırın" yazılı plakatla nümayiş keçirmişdi.

Daha əvvəl insan hüquqları təşkilatları bu şəxsin Quranı yandırmasını və təhqir etməsini pisləmiş, bu cür hərəkətlərin təkrarlanmasını müsəlmanların hisslərini qəsdən təhrik etmək, cəmiyyətlərdə nifrət və dini düşmənçiliyi alovlandırmaq kimi qiymətləndirmişdilər.

Bu təşkilatlar Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 20-ci maddəsinə istinad edərək – hansı ki, ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhrik edən milli, irqi və ya dini nifrətin təbliğini qadağan edir – vurğulayıblar ki, ifadə azadlığı dini nifrəti təhrik etmək üçün örtük kimi istifadə edilməməlidir.

4371334

captcha