İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Azərbaycan KİV-lərinə istinadən verdiyi xəbərə görə bu ölkədə özünün "ilahiyyatçı" adlandıran Elşad Miri adında bir nəfər evlənmə zamanı dini nikahın lazım olmadığını və dövlət nikahının bunun üçün yetərli olduğunu deyib ki, bu yanaşma xalq tərəfindən birmənalı qarşılanmayıb.
Elşad Mirinin səsləndiriyi bu iddiaya "Al-Mustafa" adına beynəlxalq İslam Akademiyasının məzunu və ölkənin tanınmış İlahiyyatçılarından sayılan Hacı Bəhruz Camal cava verib.
O deyib: İslama görə kişi ilə qadın bir-biri ilə evlənməyə qərar verdikdə onların arasında kəbin kəsilməlidir. Ancaq çox adam dini kəbin kəsdirmir, yalnız dövlət nikahı ilə kifayətlənir. Elə bugünlərdə ilahiyyatçı Elşad Miri dini kəbin anlayışının dində olmadığını bildirib:
“Xristianlıqda kilsə kəbini olduğu kimi, bizdə də dini kəbin sonradan dinə əlavə olunub. Dini kəbin anlayışı dində yoxdur. Sadəcə, dinimizdə əqd olub və bizim hüquqda da istifadə olunur. Əqd, yəni müqavilə. İki adam müqavilə bağlayır, burda şahidlər də olur. Bunda dövlətimiz tərəfindən həyata keçirilən qeydiyyat idarəsində də eynidir. Sadəcə olaraq, burda olan fərq mehriyyədir. Mehriyyə də təyin olduqdan sonra nikah müqaviləsinin dini əqdlə heç bir fərqi olmur. Dini kəbin deyilən anlayışda xüsusi duaya ehtiyac yoxdur”.
Maraqlıdır ki, doğrudanmı, İslam dinində dini kəbin anlayışı yoxdur?
İlahiyyatçı Bəhruz Camal bildirdi ki, “dini kəbin yoxdur demək” cahillikdən başqa bir şey deyil: “İzdivac, ailə qurmaq, nəsil artırmaq heyvan, bitki və cansızlarda təkmini qanunlar, instinktlərin düzgün yönəldilməsi ilə baş verir. Lakin insanlar bu həyati məsələni dini qanunlarda, Quranda, peyğəmbər və imamların buyruqları qayda-qanunlar əsasında həyata keçirməlidirlər.
Şübhəsiz ki, müqəddəs İslam dinində ailə qurmaq və onunla bağlı məsələlərin əhəmiyyəti sübuta ehtiyacı olmayacaq qədər aydındır. İzdivac və ailə həyatı qurmağın mühümlüyü hədislərdə də öz əksini tapıb. Belə ki İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə deyilir ki, ”izdivac edən hər bir şəxs dinin yarısını qazanmışdır. Qalan digər hissəsi üçün də təqvaya riayət etsin".
Təəssüf ki, bu gün cəmiyyətimizdə ilahiyyatçı kimi tanınan, din təbliğ edən ünsürlər bu qədər ayə və hədislərin müqabilində “İslamda kəbin anlayışı” yoxdur deyərək, ümumiyyətlə, evlilik məsələsini sual altına salır. Deyəsən, bu ilahiyyatçının Qurandan, hədislərdən, ərəb dilçiliyindən və ərəb ədəbiyyatından xəbəri yoxdur. Qeyd edim ki, islami mətnlərdə “kəbin” ifadəsinin olmaması ilə “dində kəbin anlayışı yoxdur” demək arasında çox böyük fərq var.
Bəli, nə Quranda, nə də ki, hədislərdə evliliyi bəyan edən ayə və “kəbin” ifadəsindən istifadə olunmayıb. Çünki bu kəbin bizim dildə evliliyi ifadə edən bir anlayışdır. Ərəblər isə buna “izdivac”, “nikah” və ya “əqd” deyirlər. Əgər məsələyə bu “məntiqlə” yanaşsaq, dində nə namaz anlayışı var, nə də oruc. Çünki nə Quranda, nə də hədislərdə bu ifadələrdən istifadə olunmayıb. O zaman nə namaz qılaq, nə də oruc tutaq. Halbuki dini mətnlərdə bu iki böyük ibadət biri “səlat” (namaz), digəri isə “səvm” (oruc) kimi ifadə edilir".
İlahiyyatçı dində kəbin anlayışı yoxdur deməyin cəhalətdən başqa bir şey olmadığını dedi:“Quran və hədislərdə evlilik, izdivac barədə bu qədər sifarişlər olduğu halda, dini mətnlərdə ”kəbin" kəlməsinin olmamasını rəhbər tutaraq “dində kəbin anlayışı yoxdur” demək cəhalətin ən son həddidir. İzdivac formasının keyfiyyəti, icrası və hansı qaydada olması məsələsinə gəlincə isə, biz bu məsələdə yenə də Peyğəmbər və onun Əhli-beytinin sünnəsinə, dediklərinə və rəftarlarına tabeyik. Əqdin (kəbin) oxunma qaydası, ondan öncə və sonra oxunan dualar barədə də bütün İslam məzhəblərinin dini mətnlərində kifayət qədər hədislər nəql olunub. Bu baxımdan məzhəbindən asılı olmayaraq, bütün İslam ümmətinin həmrəy olduğu bir məsələni inkar etmək dində bidət yaratmaq azğınlıqdan başqa bir şey deyil". (birlik.az)