IQNA

Quranın şəxsiyyətləri / 8

İdris (ə) elmin qaynağı olan peyğəmbərdir

22:31 - September 13, 2022
Xəbər sayı: 3492918
İlk xəttatlıq edən və qələmlə yazan şəxs İdris (ə) adlı peyğəmbərdir. O, alim, müəllim və mütəfəkkir idi. Allahdan aldığı elm sayəsində bir çox elmlərin yaradıcısı kimi tanınır.

İdris (ə) Allahın Qurani-Kərimdə adını çəkdiyi 26 peyğəmbərdən biridir. Həzrət Adəmə (ə) beş vasitə ilə çatır. Onun atasının adı “Yirz ibn Məhazil idi. O, həm də Nuhun (ə) əcdadı sayılır.

Tarixi kitablara görə, Babildə müşrik və bütpərəst olan, ədəbsiz işlərlə məşğul olan Qabilin övladları yaşamışlar. Babil əhalisinin çoxu İdrisin (ə) ardınca getmədiyi üçün ona iman gətirənlərlə birlikdə başqa bir ölkəyə hicrət etmək qərarına gəldi. Babildən ayrıldıqdan sonra Nil çayına və Misir torpağına getdilər. İdris (ə) xalqa dini təlimləri öyrətməklə yanaşı, yeni yerdə şəhərsalma adət və üsullarını, sivilizasiya siyasətini və onun qaydalarını öyrətdi.

İdris (ə) çox təfəkkür əhli idi. Yeriyərkən başını aşağı salırdı. O, bir çox elmlərin və mətnlərin yaradıcısı və banisidir. İşi müəllimlik olub, xalqa astronomiya və hesab dərsi verib. Hikmət elmini dünyanın müxtəlif yerlərində, o cümlədən Yunanıstanda nəşr etdirib. Yunanıstanın müdrikləri onun elmindən bəhrələniblər. O, Yunanlıların arasında Tarsmin Varmes kimi tanınır. Ərəblər onu Hermes və "Əl-Müsəlləsu binnimət" adlandırırlar. Hermesin mənası Merkuri, "Əl-Müsəlləsu binnimət"in mənası isə “hikmət, hökumət və peyğəmbərlik”dir. Yəni Allah İdrisə (ə) üç böyük nemət vermişdir.

Bir rəvayətdə İslam Peyğəmbərindən (s) nəql olunur: “Qələmlə yazan ilk şəxs İdrisdir”.

O, həm də dərzilik edən və paltar tikən ilk insan olub. Ondan əvvəl insanlar heyvan dərisi geyinirdilər.

Qurani-Kərimdə iki dəfə İdrisdən yad edilir (Ənbiya surəsi, 85-ci ayə və Məryəm surəsi, 56-cı ayə). O, siddiq, səbirli, saleh bir peyğəmbər kimi tanıtdırılır. O, yüksək məqama malik və Allahın rəhmətinə daxil olan bir şəxs kimi tanıtdırılır.  

İdrisin yer üzündəki həyatının və ya işinin sonu ilə bağlı fikir ayrılıqları var. Bəzi rəvayətlərdə bildirilir ki, Allah İdrisin ruhunu uca yerə aparana qədər o yeddi nəfər xüsusi səhabələri ilə Allaha ibadət edib.

Bəziləri İdrisin Misirdə “Manaf” adlı bölgədə doğulduğunu, bəziləri isə Babildə doğulduğunu söyləyir. O, orada böyüdü və atasının ulu babası olan Şeys ibn Adəmdən dərs öyrəndi. Lakin İdris böyüyəndə Allah onu peyğəmbər seçdi.

captcha